CƏMİYYƏT
Kommunal xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstərilir
Bakı, 5 sentyabr, AZƏRTAC
2017-ci il sentyabrın 5-dən etibarən vətəndaşlar ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək kommunal xidmətlərdən yararlana bilərlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İctimai Birliyinin 45 növ xidməti təqdim olunur.
Vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet səhifəsi vasitəsilə əldə edə bilərlər.
“ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.