İQTİSADİYYAT
Kommunal xidmətlərə dair Strateji Yol Xəritəsində tədbirlərin 55 faizinin icrası başa çatıb
Bakı, 23 iyul, AZƏRTAC
Kommunal xidmətlərə dair Strateji Yol Xəritəsində tədbirlərin 55 faizinin icrası başa çatıb, 25 faizinin icrası üzrə işlərə başlanılıb, 20 faizinin icrasına başlanılmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyətinə dair 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Bildirilir ki, 2017-ci il ərzində “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 55 faizinin icrası başa çatıb, 25 faizinin icrası üzrə işlərə başlanılıb, 20 faizinin icrasına başlanılmayıb.
Hesabat dövründə Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb. “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası” təsdiq edilib. Buna müvafiq olaraq, elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödənişlərin yeni sxem üzrə avtomatik rejimdə aparılmasına başlanılıb.
Həmçinin kommunal xidmətlər sektorunda təkmilləşdirilmiş normativ hüquqi bazanın yaradılması, eləcə də öncədən ödəniş olunmayan və fərdi qaydada xidmətin dayandırılması mümkün olmayan xidmət növləri üzrə yığım alətlərinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübə araşdırılıb və müvafiq təkliflər hazırlanıb.