İQTİSADİYYAT


Kommunal xidmətlərə qoşulmaya dair sahibkarların sualları cavablandırılıb

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn maarifləndirmə tədbiri keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sahibkarların kommunal xidmətlərə qoşulması və bu sahədə həyata keçirilən xidmətlərə həsr olunmuş onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 700-dən çox sahibkar yararlanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçirilmiş tədbir zamanı “Azərişıq”, “Azərsu”, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” səhmdar cəmiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin və “ASAN xidmət”in nümayəndələri kommunal xiddmətlərə qoşulma, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər və yeniliklər barədə sahibkarlara məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Onlayn tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı olaraq göndərmək imkanı da yaradılıb. Yazılı müraciətlərin bir hissəsi ekspertlər tərəfindən tədbir çərçivəsində operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı isə daha sonra sahibkarlara müvafiq məlumat veriləcək.

Onlayn tədbir barədə sahibkarlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və KOBİA-nın www.smb.gov.az saytları, “Facebook” səhifələri, eləcə də KİV vasitəsilə əvvəlcədən məlumatlandırılıb.

Sahibkarların istənilən yerdən təlimə birbaşa qoşulması, təlimi canlı rejimdə izləməsi üçün KOBİA və agentliyin ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara hər cür dəstək göstərilib.

Qeyd edək ki, KOBİA-ya sahibkarlardan daxil olan müraciətləri və onların məlumatlandırmaya olan ehtiyaclarını nəzərə alaraq mütəmadi olaraq onlayn maarifləndirmə tədbirləri təşkil edir. İndiyədək vergilər, gömrük, qida təhlükəsizliyi və maliyyə resurslarına çıxış imkanlarına dair keçirilmiş onlayn maarifləndirici tədbirlərdən 1500-dən çox sahibkar yararlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.