İQTİSADİYYAT


Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin 2018-ci ildə icrasına dair hesabat yekunlaşmaq üzrədir

Bakı, 27 dekabr, AZƏRTAC

Energetika Nazirliyinin əlaqələndirici və 23 tədbir üzrə əsas icraçı olduğu “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair” Strateji Yol Xəritəsinin 2018-ci ildə icrasına dair hesabat yekunlaşmaq üzrədir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə işçi qrupunun 4, Strateji Yol Xəritəsinin prioritetləri üzrə yaradılmış alt işçi qruplarının isə 16 iclası keçirilib.

Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, cari ildə ölkənin inkişafı, əhali artımı və sənayeləşmə prosesi nəzərə alınmaqla 5-10 il sonra elektrik enerjisinə daxili tələbat, eləcə də elektrik enerjisinin ixrac imkanları proqnozlaşdırılıb. Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması tədbiri üzrə müqayisəli təhlillər aparılıb. Layihələndiriləcək ənənəvi enerji mənbələrinə əsaslanan elektrik stansiyasının növü və konstruksiya xüsusiyyətlərinə dair texniki-iqtisadi əsaslandırma hazırlanıb.

İnvestisiya qoyuluşları üzrə maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi tədbiri üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Bərpaolunan Enerji Agentliyi və Asiya İnkişaf Bankının dəstəyi ilə “Bərpaolunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi” və “Bərpaolunan enerji mənbələrindən istifadəyə tənzimləmə dəstəyi”, “Bərpaolunan enerjiyə hazırlığın qiymətləndirilməsi”, “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım” layihələri həyata keçirilir. Energetika Nazirliyi Böyük Britaniyanın “SNC-Lavalin's Atkins” şirkəti ilə “Kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi” layihəsinin icrasına başlayıb.

Əlavə istehsal güclərinin yaradılması tədbiri üzrə tələb və təklif arasında tarazlıq yaradılması məqsədilə ölkədə müxtəlif bazar alətləri vasitəsilə istehlakın optimallaşdırılması ilə bağlı təkliflər və əlavə istehsal güclərinin yaradılması ilə bağlı tədbirlər planı hazırlanıb. Ölkənin alternativ və bərpaolunan enerji potensialı yenidən qiymətləndirilib.

İnvestisiya qoyuluşu tələb olunan elektrik stansiyalarının istismar və maliyyələşmə formasının seçilməsi tədbiri üzrə müvafiq təkliflər verilib. Bərpaolunan enerji mənbələri üzrə istehsal güclərinin özəl investisiya hesabına tikilməsi məqsədəuyğun hesab edilib. Tədbirlər Planının ixrac potensialının reallaşdırılması üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması tədbiri üzrə təhlillər aparılıb. “Azərenerji” ASC-nin elektrik enerjisi istehsalının maya dəyərinin, yanacaq istehlakının, texniki itkilərin, elektrik stansiyaları və elektrik enerjisinin ötürülməsi qurğularının enerji səmərəliliyinin diaqnostikası” adlı hesabat hazırlanıb.

Şəbəkənin fəaliyyətinin tam təhlili məqsədilə Almaniyanın “VPC” şirkəti cəlb edilərək konkret təkliflər hazırlanıb. Elektrik enerjisi verilişinin keyfiyyətini izləyən əsas icra göstəricilərinin (ƏİG) tətbiq edilməsi tədbirinə müvafiq olaraq Almaniyanın və İsveçrənin təcrübəsi öyrənilib, elektrik enerjisini ötürmə sisteminin hazırlığı indikatorları, “Elektrik enerjisinin keyfiyyəti”, “Ötürmədə itkilər”, “Elektrik təchizatının etibarlılığı”, “Texniki xidmət və təmirlər” üzrə indikatorlar” “Elektrik enerjisinin ötürülməsinin maya dəyəri” üzrə qruplaşdırılmış ƏİG müəyyən edilib.

Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatının həyata keçirilməsi tədbiri üzrə ucqar yaşayış məntəqələrinin qazlaşdırılmasının səmərəliliyinin təhlili, bu sahədə beynəlxalq təcrübə və problemlərin həlli yolları, eləcə də qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan yaşayış məntəqələrinin alternativ enerji təminatı ilə bağlı araşdırmanın aparılması və konkret təkliflərin hazırlanması ilə əlaqədar beynəlxalq məsləhətçilər üçün texniki tapşırıq hazırlanıb.

İstilik təchizatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi tədbiri üzrə “İstilik enerjisındən istifadə qaydaları”nın layihəsi hazırlanıb. İstilik təchizatı sahəsində institusional tədbirlərin həyata keçirilməsi tədbiri üzrə Energetika Nazirliyi tərəfindən açıq tenderin keçirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilib.

Qeyd edək ki, əsas icraçı kimi 12 dövlət qurumu tərəfindən Strateji Yol Xəritəsinin 7 hədəfi, 14 prioriteti üzrə cari ildə görülmüş tədbirlərlə bağlı Energetika Nazirliyinə daxil olmuş məlumatlar əsasında hazırlanmış yekun hesabat Azərbaycan Respublikası Prezidenti Administrasiyasına və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.