MƏDƏNİYYƏT


“Kommunikasiya meneceri” layihəsi çərçivəsində ADA Universitetində təşkil olunan “İctimai əlaqələr və medianın əsasları” təlim kursuna yekun vurulub

Bakı, 24 iyun, AZƏRTAC

Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində ADA Universitetində 20-24 iyun tarixlərində keçirilən "İctimai əlaqələr və medianın əsasları" təlim kursunun bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetində ixtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılova çıxış edərək beş gün davam edən təlimin əhəmiyyəti barədə danışıb. Təlimin müvəffəqiyyətlə başa çatmasını vurğulayan N.İsmayılova bütün təlim iştirakçılarını təbrik edib.

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva ilk olaraq universitet haqqında məlumat verib. Bildirib ki, universitet ilk layihələrini diplomatlar üçün təşkil edib, sonradan universitet genişlənərək digər dövlət qurumları ilə əlaqələr qurub və bir çox universitetlərlə anlaşma memorandumu imzalayıb. Universitetdə yeni ixtisaslar açılıb. Daha sonra bu kimi təlim proqramlarının hər zaman uğurlu olmasından danışan A.Hacıyeva deyib: “Əminəm ki, siz əslində çox təcrübəli insanlarsız, neçə illərdir hərəniz müxtəlif təşkilatlarda çalışırsız, amma buna baxmayaraq nələrisə öyrənmək istəyiniz sizi bura qədər gətirdi. Biz ilk dəfə deyil ki, Mədəniyyət Nazirliyi ilə birgə belə bir layihələr təşkil edirik. Düşünürəm ki, indi sizə veriləcək sertifikatlar sizin üçün bu təlimdən gözəl bir xatirə olaraq qalacaq”.

“Bu layihənin gerçəkləşməsində Mədəniyyət Nazirliyinin media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadənin çox böyük rolu var. Biz təkliflər versək də bu rəhbərlik tərəfindən təsdiqlənməli, Nazirliyin rəhbərliyi bu layihəni dəstəkləməli idi. Düşünürəm ki, buna nail ola bildik və birgə gözəl, önəmli bir layihə ərsəyə gətirə bildik. Keçirilən təlimlər “Ünsiyyət və netvörkinq bacarıqları”, “Ənənəvi və sosial media ilə işləmək bacarıqları”, “Kommunikasiya planının qurulması”, “Media işçiləri üçün əsas nitq və yazı bacarıqları”, “İctimaiyyətlə əlaqələr fəaliyyətində iş bölgüsü” mövzularını əhatə edib. 16 regionun iştirak etdiyi təlimlərin proqramı tək bilik qazanmaqdan ibarət deyil, insanlarla şəbəkələr qurmaq, dost olmaq, kommunikasiya qurmaq bacarığı haqqındadır", - deyə "Kommunikasiya meneceri” layihəsinin koordinatoru, Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin əməkdaşı Məhəmməd Həmzəyev bildirib.

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bu layihənin uğurla bitməsini vurğulayaraq bildirib ki, birlikdə çox önəmli bir layihə icra olundu və uğurla yekunlaşdı: “Layihə hər kəsdə böyük maraq yarada bilib. Bu ilk olaraq bizim pilot layihəmizdir. Layihə Mədəniyyət Nazirliyinin strateji kommunikasiya siyasətinin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi, o cümlədən ictimaiyyətlə, media subyektləri və nümayəndələri ilə münasibətlərin möhkəmləndirilməsi, eləcə də əlaqələrin genişləndirilməsi, həmçinin sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır. Biz çox istəyərdik ki, region idarələr ayrılıqda öz kommunikasiya işini görərək media ilə müştərək və həmçinin müstəqil şəkildə bu işi qura bilsinlər”.

ADA Universiteti İctimai və Beynəlxalq Münasibətlər Məktəbində kommunikasiya və rəqəmsal media proqramının rəhbəri, layihənin təlimçisi Şəfəq Mehrəliyeva Azərbaycanın ümumbəşəri mədəni irsdə yerinin fasiləsiz yüksəlməsindən, eləcə də UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısında Azərbaycan məkanlarının adlarının sürətlə çoxalmasından danışaraq, "Kommunikasiya meneceri” layihəsi barədə təəssüratlarını bölüşüb.

Qeyd edək ki, beş gün davam edən təlimlərə yerli və xarici mütəxəssislər cəlb olunub. Təlimləri ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbində kommunikasiya və media proqramının rəhbəri Şəfəq Mehrəliyeva aparıb.

Onu da vurğulayaq ki, kommunikasiya menecerləri media, sosial media və ictimaiyyət ilə əlaqələr üzrə məsul nümayəndə olaraq çalışdıqları qurumların tədbir və layihələrinin mediada işıqlandırılmasını, qurumların fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini təmin edəcəklər.

Sonda təlim iştirakçıları sertifikatlarla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.