CƏMİYYƏT
Kommunikasiya xətlərinin keçdiyi ərazilərin yanğın təhlükəsizliyi ilə əlaqədar təmizlənməsi işləri davam etdirilir
Bakı, 15 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarət Xidməti və Suraxanı Rayon İcra Hakimiyyəti kommunikasiya xətlərinin keçdiyi ərazilərdə yanğın təhlükəsi olan sahələrin təmizlənməsi işlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu çərçivədə növbəti təmizləmə işləri Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində həyata keçirilib.
FHN-in Dövlət Yanğın Nəzarət Xidmətinin şöbə rəisi polkovnik Elnur Babayev jurnalistlərə açıqlamasında bildirib ki, son zamanlar respublika ərazisində hava şəraitinin quru keçməsi səbəbindən Dövlət Yanğın Nəzarət Xidməti potensial yanğın təhlükəsi olan əraziləri müəyyənləşdirib. Həmin ərazilərdə kiçik bir qığılcımdan, atılan siqaret kötüyündən baş verəcək yanğınların qarşısı alınması və geniş ərazilərə yayılmasının məhdudlaşdırılması məqsədilə rayon icra hakimiyyətinin aidiyyəti qurumlarının texnika və canlı qüvvələri cəlb olunaraq ərazilərin yanğın təhlükəsizliyinin təmin edilməsi işləri aparılır.
E.Babayev iyul ayının sonuncu ongünlüyündə yanğınların sayının intensivləşməsi nəzərə alınaraq, FHN-in Dövlət Yanğın Nəzarət Xidmətinin rəhbərliyi tərəfindən xüsusi əmr və göstərişlərin verildiyini diqqətə çatdırıb. Bildirib ki, həmin əmr və göstərişlərin icrası nəticəsində yanğınların sayı iki dəfə azalıb. Əmr və göstərişlərdə əsasən müvafiq icra hakimiyyətinin əməkdaşları tərəfindən quru otlaq ərazilərin təmizlənməsi nəzərdə tutulub. Əsasən kommunikasiya xətlərinin keçdiyi ərazilərdə baş verə biləcək yanğınlar zamanı ciddi fəsadların olması ehtimalı ilə əlaqədar təmizləmə işləri aparılır. Bu cür tədbirlərin yay boyu keçirilməsi nəzərdə tutulub. Hazırda quru ot və məişət tullantılarının olduğu 10 min kvadratmetr ərazi təmizlənib. Həmçinin bu ərazidə dəmir yolu xəttinin və “Azərbaycan Hava Yolları” QSC-nin yanacaq boru xəttinin ətrafında olan məişət tullantılarının da təmizlənməsi işləri aparılır. Qarşıdakı günlərdə belə tədbirlərin şəhərin digər ərazilərində də keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin əsas məqsədi yanğınların minimuma endirilməsidir.
Tədbirdə FHN-in və rayon icra hakimiyyətinin əməkdaşları quru otlaq əraziləri və məişət tullantılarının atıldığı yerləri xüsusi texnikalarla təmizləyərək toplayıb və müəyyən olunmuş yerlərə göndəriblər.