ELM VƏ TƏHSİL
“Komparativistikanın işığında” kitabı nəşr olunub
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı “Elm və təhsil” nəşriyyatında rus dilində çapdan çıxıb.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, elmi şuranın qərarı ilə çap olunmuş 192 səhifəlik monoqrafiya giriş, beş fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri isə filologiya üzrə elmlər doktoru Sara Osmanlı və filologiya üzrə fəlsəfə doktoru Cavidə Məmmədovadır.
Kitabda Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru Məmməd Qocayevin elmi fəaliyyəti, həmçinin klassik rus ədəbiyyatı ilə bağlı tədqiqatları əks olunub. Müəllif Fyodor Dostoyevski və Lev Tolstoyun həyat və yaradıcılığını araşdırarkən yeni mənbələrdən istifadə edib.
Əsərdə, həmçinin rus dekadent şairlərinin əsərləri də tədqiq olunub ki, bu da müvafiq cərəyan haqqında tam fikir formalaşdırmağa kömək edir. Eyni zamanda, Şərqin dekadentlik dövrünün şair-simvolistlərdən K.Balmontun və V.Xlebnikovun həyat və yaradıcılığına təsirləri tədqiq olunub.
Monoqrafiyanın sonuncu fəsli isə əsasən komparativistika ilə bağlıdır.