SİYASƏT


Konçetta Fierravanti-Uells: Azərbaycan regionda strateji baxımdan çox əhəmiyyətli ölkədir

Kamberra, 17 avqust, AZƏRTAC 

Azərbaycan regionda strateji baxımdan çox əhəmiyyətli ölkədir.

Bu sözləri Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells Avstraliya Milli Universitetinin magistr və doktorant tələbələri ilə görüşü zamanı həmyerlimiz İlkin Əliyevin sualını cavablandırarkən deyib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı azərbaycanlı tələbə nazirə Azərbaycana bu yaxınlarda baş tutmuş səfərinin məqsədi və nəticələri barədə sual ünvanlayıb. Eyni zamanda, iki ölkə arasında kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın perspektivləri barədə soruşub.

Nazir deyib ki, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial var: “Mən inanıram ki, Avstraliya ilə Azərbaycan mədən sənayesi, xidmət sektoru, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı genişləndirə bilər. Biz Azərbaycanla əməkdaşlığı davam və inkişaf etdirməyə hazırıq”.

Azərbaycana səfərindən çox razı qaldığını, ölkəmizin zəngin mədəniyyətinin onu heyran etdiyini vurğulayan xanım nazir deyib ki, Azərbaycan regionda strateji baxımdan çox əhəmiyyətli ölkədir. Avstraliya və Azərbaycan ərazi baxımından bir-birindən uzaq olduğu üçün biznes və turizm əlaqələri zəif inkişaf edib. Azərbaycana səfərin məqsədi ondan ibarət idi ki, bu əlaqələr daimi olaraq inkişaf etsin, yeni layihələrə start verilsin.

Bu yaxınlarda bir qrup avstraliyalı iş adamının Azərbaycana səfər edəcəyini qeyd edən K.Fierravanti-Uells Avstraliya və Azərbaycan parlamentləri arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, bu əlaqələrin inkişafında Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun böyük rolu var.

Avstraliyalı nazir bundan sonra iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kamberra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.