REGİONLAR
Köndələnçay üzərindəki üç anbarın su tutumu 15,5 milyon kubmetrdir VİDEO
Füzuli, 16 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Aşağı Köndələnçay su anbarı Köndələnçay çayı üzərində yerləşən anbarlardan ən böyüyü hesab edilir və 9,5 milyon kubmetr su tutumu var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Füzuli Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Atakişi Babayev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, digər anbarlar – “Köndələnçay-1” 2,1 milyon kubmetr və “Köndələnçay-2” 3,9 milyon kubmetr su tutumuna malikdir. Üç anbarın birlikdə su tutumu 15,5 milyon kubmetrdir. Bu isə 6200 hektar əkin sahəsini suvarmağa imkan verir.
“İşğal dövründə su anbarları yararsız hala düşdüyü üçün anbarlarda təmir-bərpa işləri yerinə yetiriləcək”, - deyə Atakişi Babayev əlavə edib.
Qeyd edək ki, 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.