ELM VƏ TƏHSİL
Konfutsi İnstitutu Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə müqavilə imzalayıb
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) arasında müqavilə imzalanıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, müqavilənin imzalanmasının əsas məqsədi Azərbaycan ilə Çin arasında incəsənət sahəsində ikitərəfli əlaqələrin inkişafı, incəsənət mütəxəssislərinin hazırlığı sahəsində təhsil əlaqələrinin intensivləşdirilməsi, iki xalqın tarixi və bədii dəyərlərinin tədqiq olunmasıdır.
Tədbirdə ADRA-nın rektoru, akademik Ömər Eldarov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin təsviri və dekorativ sənət sahəsində Azərbaycan məktəblərinin yaradıcılıq ənənələrinin qorunması və inkişafı istiqamətində fəaliyyəti haqqında məlumat verib.
Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinhua Azərbaycanda rəssamlıq təhsilinin inkişafından məmnunluğunu ifadə edib, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Konfutsi İnstitutunun müdiri, professor Rafiq Abbasov isə estetik təhsil və incəsənət təhsili sisteminin təkmilləşdirilməsi sahəsində birgə proqramlar, eləcə də tələbə mübadiləsi, birgə elmi konfrans və incəsənət sərgilərinin təşkili barədə danışıb. O, ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı Azərbaycan ilə bu ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilənin imzalandığını xatırladıb.