MƏDƏNİYYƏT
Konfutsi İnstitutu Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov, Konfutsi İnstitutunun direktorları Li Jin Hua və Rafiq Abbasov imzalayıblar.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, müqavilədə turizm üzrə peşəkar kadrların hazırlanması istiqamətində Azərbaycan-Çin əlaqələrinin inkişaf etdirilməsi, ölkələrimizin turizm təşkilatlarının əməkdaşları arasında iş təcrübəsi mübadiləsinin aparılması nəzərdə tutulub. Sənədə əsasən, turizmin müxtəlif problemləri barədə mütəşəkkil elmi tədqiqatlar həyata keçiriləcək, sorğu-məlumat, metodiki və reklam materiallarının sistematik mübadiləsi aparılacaq.
İmzalanma mərasimində E.Aslanov müasir metodiki təhsil əsasında turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması, müxtəlif xarici hotel və turizm bazalarında tədris təcrübələrinin təşkili üzrə ali təhsil mərkəzinin fəaliyyəti, həmçinin müvafiq sahədə elmi tədqiqatlar barədə məlumat verib.
Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Li Jin Sun ATMU-da turizm sahəsindəki ixtisaslı kadr hazırlıqlarından məmnunluğunu bildirib. O, Azərbaycan və Çin turizm məhsullarının iki ölkənin bazarlarında qarşılıqlı iştirakı, dövlətlərimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətində turizm xidməti keyfiyyətinin artırılmasının əhəmiyyətini vurğulayıb.
Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov ölkələrimiz arasındakı turizm əlaqələrinin inkişafı üçün əlverişli şəraitin yaranmasının vacibliyini vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini diqqətə çatdırıb.
Sonda Konfutsi İnstitutunun tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər.