ELM VƏ TƏHSİL
Konfutsi İnstitutu “Çin olan yuxular” sərgisində iştirak edib
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkil etdiyi “Çin olan yuxular” sərgisində iştirak edib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova tədbirin əhəmiyyətindən söz açıb. Sonra ADU Konfutsi İnstitutunun təşkil etdiyi yay düşərgəsində iştirak edən müəllim və tələbə heyəti maraqlı təsviri dil vasitəsilə Çin təəssüratlarını qonaqlarla bölüşüblər.
Tədbirdə Pekin, Şanxay və Xuçjou şəhərlərinin mənzərələri, məişət detalları müxtəlif formalarda təqdim olunub. Proqramın xüsusi qonaqları olan ADU Konfutsi İnstitutunun əməkdaşları konsert proqramı ilə çıxış edib, ənənəvi Çin alətləri üzərində çalınan milli mahnıları səsləndirib, “Jinghong” və “Luohua” adlı rəqs nömrələri və “Ay işığı altında bambuq” adlı fleyta perfomansı ilə çıxış ediblər. Sonda sərgi iştirakçılarına Konfutsi İnstitutunun müəllimi Chen Xiaozhenin təqdimatında məşhur Çin çay mərasimi nümayiş edilib. Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Azərbaycan və Çinin mədəni irsinin öyrənilməsi və təbliği ilə bağlı ADMİU ilə birgə proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıb.