İDMAN
Konor Makqreqor Həbib Nurmaqomedovla revanş döyüşünün keçiriləcəyinə əmin olduğunu bildirib
Bakı, 22 may, AZƏRTAC
Döyüşçülərin Mütləq Çempionatının (UFC) iki çəki dərəcəsində qalibi Konor Makqreqor yüngül çəkidə hazırkı çempion Həbib Nurmaqomedovla revanş döyüşünün keçiriləcəyini istisna etməyib.
AZƏRTAC xəbər verir ki, döyüşçü rəqibi ilə bir daha görüşəcəyinə ümid edib: “Onu təbrik edirəm, həmin matçda qələbə qazanıb. Əminəm ki, yenidən üz-üzə gələcəyik. Görək növbəti döyüş necə olacaq. Bu idmandır və onun sərt qaydaları var. Həmin döyüş axşamı mən məğlub olmuşdum. Rəqibimə hörmət edirəm”.
Qeyd edək ki, H.Nurmaqomedovla K.Makqreqor arasında ilk döyüş ötən il oktyabrın 6-da Las-Veqasda keçirilib və dördüncü raundda rusiyalının qələbəsi ilə başa çatıb. Döyüşdən sonra hər iki komandanın üzvləri arasında kütləvi dava düşüb. Yanvarın 29-da Nevada ştatının atletika komissiyası irlandiyalı döyüşçünü 50 min dollar cərimələyib, altı ay müddətinə diskvalifikasiya edib. Rusiyalı döyüşçü isə doqquz ay müddətinə UFC yarışlarından kənarlaşdırılaraq, 500 min dollar məbləğində cərimələnib.
Rusiyalı döyüşçü UFC çempionatında keçirdiyi 27 döyüşün hamısında qələbə qazanıb. O növbəti döyüşünü sentyabrın 7-də amerikalı idmançı Dustin Poirierə qarşı keçirəcək.