CƏMİYYƏT


Konqo Demokratik Respublikasında Ebolanın yayılması beynəlxalq əhəmiyyətli fövqəladə hadisədir

Bakı, 19 oktyabr, AZƏRTAC

Konqo Demokratik Respublikasında (KDR) Ebola ocağının yaranması əvvəlki kimi ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət daşıyan fövqəladə hadisə hesab edilir. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının (DST) Baş katibi Tedros Hebreyesus DST-nin fövqəladə hallar komitəsinin beşinci iclasının yekunlarına əsasən söyləyib.

Komitənin tərkibinə daxil olan ekspertlər KDR, Tanzaniya və Uqanda səhiyyə nazirlərini, habelə DST mütəxəssislərini dinləyiblər. DST-nin bəyanatında deyilir: “DST-nin baş direktoru zərər çəkmiş dövlətlərin məruzələrinə və hazırda mövcud olan informasiyaya əsaslanaraq komitənin bu barədə rəyi ilə razılaşıb ki, Konqo Demokratik Respublikasında Ebola ocağı əvvəlki kimi beynəlxalq miqyaslı fövqəladə hadisə hesab edilməlidir”.

KDR-in hakimiyyət orqanları Ebola qızdırması ocağının yarandığını rəsmən 2018-ci il avqustun 1-də elan ediblər. Xəstəliyə ilk yoluxma halları Şimali Kivu əyalətində qeydə alınıb, sonra virus Cənubi Kivu əyalətinə və İturi dairəsinə yayılıb. Ebolaya bir neçə yoluxma faktı qonşu Uqanda və Tanzaniyada aşkar edilib.

Oktyabrın 13-nə olan məlumata görə, ötən ilin avqustundan KDR-də Ebolaya 3228 adam yoluxub, onların 2123 nəfəri vəfat edib. Son üç həftədə - sentyabrın 23-dən oktyabrın 13-dək olan dövrdə Ebola epidemiyasının hələ də davam etdiyi rayonların sayı azalıb və buna müvafiq olaraq xəstələnənlərin də sayı azalıb. Məsələn, oktyabrın 7-dən 13-dək olan dövrdə İturidə və Şimali Kivuda bu xəstəliyə 15 yoluxma faktı qeydə alınıb. Müqayisə üçün deyək ki, 2019-cu ilin aprelində bu rayonlarda, orta hesabla, həftədə 128 yoluxma qeydə alınıb. Oktyabrın əvvəlində DST-dən bildiriblər ki, KDR-də Ebolaya yoluxmuş min pasiyent tamamilə sağalıb və evinə dönüb.

DST-nin fövqəladə hallar komitəsinin üzvləri KDR-in, habelə qonşu ölkələrin bu təhlükəli virusun yayılmasının qarşısının alınması üzrə səylərini alqışlayıblar. Bununla belə, onlar bu fəaliyyətə maliyyə dəstəyinin olmamasından dərin narahatlıq keçirdiklərini bildiriblər. Komitə üzvləri qeyd ediblər ki, xüsusən kənd rayonlarında zorakılığın yüksək səviyyəsi infeksiyaya qarşı mübarizəni xeyli çətinləşdirir.

DST 2019-cu il iyulun 17-də KDR-də Ebola ocağını beynəlxalq əhəmiyyətli fövqəladə hadisə adlandırıb. Bu gün komitə üzvləri bu statusu hələlik ləğv etməmək qərarına gəliblər. Onlar Ebolanın qarşısının alınması və ləğv edilməsi üzrə tam bir sıra tövsiyələr hazırlayıblar. Bundan əlavə, komitə bir daha KDR ilə ticarətə və ya bu ölkəyə uçuşlara xəstəliyin yayılması ilə əlaqədar qadağa qoyulmamasına çağırıb.

Ebola virusunun törətdiyi xəstəlik insanların və bəzi heyvanların yoluxduğu kəskin viruslu infeksiyadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.