DÜNYA


Konqo Demokratik Respublikasında baş verən silahlı münaqişədə 57 nəfər həlak olub

Qahirə, 4 iyun, AZƏRTAC

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Konqo Demokratik Respublikasında Müttəfiq Demokrat Silahlı Qüvvələri adlı qrupun İturi əyalətində dinc sakinlərə hücumu nəticəsində 57 nəfərin, o cümlədən 7 uşağın həlak olması, 5800-dən çox insanın öz evlərini tərk etməsi barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, UNHCR-in sözçüsü Babar Baloç keçirdiyi mətbuat konfransında silahlı qruplaşmanın ölkənin şərqindəki iki kəndi məhv etdiklərini bildirib. Yandırılan Boqa qəsəbəsində 31 qadın və uşaq bu vəhşiliyin qurbanı olub. Belə ki, onların əksəriyyəti öz evlərində diri-diri yandırılıb. Kəndlərdəki tibb məntəqələri də məhv edildiyindən, yaralıları İturinin mərkəzi Bunia şəhərinə çatdırıblar.

BMT-nin son məlumatına görə, Konqo Demokratik Respublikasında 5 milyona yaxın, İturi əyalətində isə 1,7 milyondan çox insan son aylar baş verən silahlı münaqişələr nəticəsində məcburi köçkünə çevriliblər. Bu ölkədə humanitar fəlakətin qarşısını almaq məqsədilə UNHCR-in tələb etdiyi 204 milyon dollar məbləğində vəsaitin yalnız 18 faizi təmin edilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.