SİYASƏT
Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisə seçkilərin nəticələrinə baxılır YENİLƏNİB VİDEO
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılır.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan etdikdən sonra məhkəmə heyəti və katib təqdim edilib.
İclasda məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib.
Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze məruzə ilə çıxış edərək işdə olan materialların mahiyyəti və Konstitusiya Məhkəməsinin bu məsələyə hazırlıq mərhələsində gördüyü tədbirlər barədə məlumat verib.
Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib.
Daha sonra ekspertlərin rəyləri dinlənilib.
İclasın yekununda Milli Məclisə seçkilərin nəticələri təsdiq ediləcək.
İclasda ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.
Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçdilər.
Xatırladaq ki, fevralın 25-də Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.