CƏMİYYƏT


Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş konfrans keçirilib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, müasir Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıb.

Sədr Fərhad Abdullayev qeyd edib ki, hüquqi dövlət quruculuğunu inkişafın başlıca istiqaməti kimi seçən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə irimiqyaslı məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə başlanıldı, sovet dönəmindən miras qalmış hüquq sisteminin yeni, demokratik prinsiplər əsasında qurulması, institusional səviyyədə bir sıra yeni təsisatların yaradılması, beynəlxalq birliyə sürətli inteqrasiya edilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə olundu.

Ulu Öndərin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev vurğulayıb ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb, həmin proses çərçivəsində ölkəmizdə konstitusiya ədalət mühakiməsi institutu təsis edilib.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər həyata keçirilir. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları qanunçuluğun və Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına, habelə Azərbaycanın sivil və inkişaf etmiş dövlətlərin ailəsinə daha fəal inteqrasiyasına xidmət edir.

Sədr diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq Zəfər xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız müzəffər xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olundu. İşğal altındakı torpaqlarımızın azad olunması həm də vətəndaşların konstitusiya hüquqlarının bərpasını təmin etdi.

Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru Əmir Əliyev, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq üzrə elmləri doktoru Ayxan Rüstəmzadə, hüquq sahəsində alimlər, ictimai xadimlər iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, XX əsrin sonu - XXI əsrin əvvəllərində Azərbaycana rəhbərlik etmiş dahi şəxsiyyət Heydər Əliyevin adı xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr gələcəkdə Azərbaycan xalqının istiqlaliyyət qazanması üçün zəmin yaradıb.

Konfransın praktiki hissəsində “Vətən müharibəsi və postmüharibə dövründə insan hüquqlarının müdafiəsində ombudsmanın rolu”, “Müasir texnologiyalar ədalət mühakiməsinin başlıca aləti kimi”, “Konstitusiya qanunvericiliyinin inkişafında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rolu”, “Qanunların Konstitusiyaya uyğun təfsirinə dair məhkəmə doktrinası”, “XXI əsr və insan hüquqlarının müdafiəsində yeni istiqamətlər”, “Təhsil hüququnun realizəsində müasir nəzəri və praktiki problemlər”, “Siyasi-hüquqi sistemin inkişafında mənəvi dəyərlərin rolu və əhəmiyyəti”, “Cinayətkarın şəxsiyyətinin kriminoloji tədqiqinin aktual problemləri” və digər hüquqi mövzular üzrə məruzələr təqdim edilib, geniş fikir mübadiləsi aparılıb.

Tədbirə yekun vuran Fərhad Abdullayev xüsusilə qeyd edib ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə inkişaf edən Azərbaycanın daxili və xarici siyasəti, respublikamızı dünyada nüfuzlu dövlətlər sırasına daxil edən nəhəng quruculuq işləri ulu öndər Heydər Əliyevin siyasi irsinin davamıdır. Son illər isə ölkəmizin çoxsaylı mötəbər beynəlxalq siyasi, mədəni, idman tədbirlərinə böyük uğurla ev sahibliyi etməsinin Azərbaycana beynəlxalq səviyyədə olan etimadın əyani göstəricisi olduğu vurğulanıb, Azərbaycan xalqının rifahına yönəlmiş genişmiqyaslı tədbirlərin daim davam etdiriləcəyi qeyd olunub. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın geri qaytarılması istiqamətində qazanılan tarixi Qələbə isə hər birimizi qürurlandırır və bizi daha əzmlə çalışmağa daim sövq edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.