İQTİSADİYYAT


Konstitusiya Məhkəməsinin müraciətinə əsasən bəzi məcəllə və qanunların bir sıra maddələrində tənzimlənmə və təkmilləşmə işləri aparılacaq

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda komitə sədri Tahir Mirkişili çıxış edərək deyib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 23 iyul tarixli qərarı ilə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının adıçəkilən qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Milli Məclisə tövsiyə edilib.

Bu məqsədlə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən Azərbaycan Respublikasının Mülki və Vergi məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarının tənzimlənməsi məqsədilə işçi qrupu yaradılıb.

İşçi qrupun tərkibinə komitə sədri Tahir Mirkişili, komitənin üzvləri Əli Məsimli, Mahir Abbaszadə, Vüqar Bayramov, Elnur Allahverdiyev, habelə İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Azərbaycan Banklar Assosiasiyasının, Respublika Xammal və Əmtəə Birjasının nümayəndələri daxildirlər.

İşçi qrupun ilk iclasında yuxarıda adları çəkilən məcəllələrin və qanunların müvafiq müddəalarının tənzimlənməsi, təkmilləşmə işinin aparılması ilə bağlı müzakirələr keçirilib. Deputatlar və dəvət olunmuş mütəxəssislər çıxışlarında adları çəkilən sənədlərdə mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılması, o cümlədən sahibkarlara dövlət dəstəyinin əhəmiyyəti ilə bağlı fikirlərini açıqlayıb, rəy və təkliflərini bildiriblər.

Müzakirələrin sonunda qeyd olunub ki, səsləndirilən təkliflər toplanaraq müvafiq qanunların təkmilləşməsində istifadə edilmək üçün nəzərə alınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.