CƏMİYYƏT
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Koreya Respublikasında beynəlxalq simpoziumda iştirak edib

Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədri Namseok Yoonun dəvəti ilə “Məhkəməyə əlçatanlıq: Konstitusiya perspektivləri” mövzusunda Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının çərçivəsində keçirilən beynəlxalq simpoziumda iştirak etmək üçün Seulda səfərdə olub.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Asiya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarının nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş beynəlxalq tədbirdə ədalət mühakiməsinə fərdi əlçatanlıq imkanlarının təkmilləşdirilməsi, müasir texnologiyalardan istifadə və hüquqi yardım, konstitusiya nəzarəti orqanları tərəfindən təmin edilən qanun qarşısında bərabərlik prinsipi, ədalətli mühakimə hüququ, habelə Konstitusiya Məhkəmələrinə təqdim olunan şikayətlərin icraata qəbul edilməsinin hüquqi meyarları ilə bağlı ətraflı fikir mübadiləsi və müzakirələr aparılıb.
Tədbirlərdə Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Ramin Həsənov da iştirak edib.
Səfər çərçivəsində Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanın Koreyadakı səfirliyi tərəfindən keçirilmiş tədbirə də qatılıb.