REGİONLAR
Konstitusiya günündə Ümummilli Liderin milli dövlət quruculuğunda xidmətləri xatırlanıb
Biləsuvar, 13 noyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib, Əsas Qanunumuzun qəbul olunmasının tarixindən danışıb. Bildirilib ki, ötən əsrin 90–cı illərində müstəqilliyini bərpa edən xalqımızın qarşısında dövlət təsisatlarının yaradılması, hüquqi və demokratik dövlət quruculuğu prosesi bütün zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan reallaşdırmaq mümkün deyildi. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. 1996-cı il fevralın 6-da Ulu Öndər noyabrın 12-nin Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunması haqqında Sərəncam imzaladı.
Çıxışlarda Prezident İlham Əliyevin demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insanların əsas hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi istiqamətində apardığı ardıcıl siyasət xüsusi vurğulanıb.
X X X
Konstitusiya Günü İmişlidə də qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən “dəyirmi masa”da çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə qəbul etdiyi Konstitusiyanın ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirdiyini bildirib. Vurğulanıb ki, ölkənin Əsas Qanununun qəbulu Ümummilli Liderin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir.
Çıxışlarda Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanın bu gün regionda lider dövlətə çevrilməsindən, dünyada layiqli yer tutmasından söz açılıb.