İQTİSADİYYAT


“Konteyner daşımalarına nəzarət proqramı” üzrə təlim təşkil edilib

Bakı, 19 fevral, AZƏRTAC

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və ÜGT-nin birgə layihəsi olan “Konteyner daşımalarına nəzarət proqramı” üzrə təlim başlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, “Konteyner daşımalarına nəzarət proqramı”nın məqsədi müxtəlif dövlətlərin gömrük xidmətləri arasında məlumat mübadiləsi əsasında, o cümlədən limanlarda yaradılan qruplarla birgə əməkdaşlıq çərçivəsində konteyner daşımalarına nəzarət etmək, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaqdır.

Proqramın icrasını təmin etmək məqsədilə yeni təyin olunan əlaqələndirici və icraçılar üçün nəzərdə tutulan təlimdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, gizlətmə üsulları, internetdən məlumat emalı tətbiqinin mənbəyi kimi istifadə, narkotik qaçaqmalçılığına dair “RIP on-RIP off” əməliyyat metodu haqqında məlumat veriləcək.

Təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı “Konteyner daşımalarına nəzarət proqramı” barədə danışıb. Qeyd edib ki, hazırda 55 ölkədə tətbiq olunan proqrama Azərbaycan 2011-ci ildən qoşulub və indiyədək gömrükçülər üçün bir sıra təlim-təcrübə məşğələləri təşkil olunub.

G.Muradlı bildirib ki, “Konteyner daşımalarına nəzarət proqramı”nın icrası ilə bağlı Dövlət Gömrük Komitəsinin fəaliyyəti aidiyyəti beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Proqram müvafiq sahədə Azərbaycanın səylərini ortaya qoymaq üçün əla fürsətdir və bu səbəbdən proqram çərçivəsində müsbət nəticələrə nail olunmalıdır.

Təlim zamanı iştirakçılar riskin qiymətləndirilməsi və idarə edilməsi, regional yanaşma, kommersiya sənədləri üzərində risk təhlili, risk göstəriciləri, beynəlxalq əməkdaşlıq və xüsusi layihələr, əqli mülkiyyət hüquqları - əqli mülkiyyətin idarə edilməsi və digər mövzularda bilik və bacarıqlarını artıracaqlar.

Həmçinin ÜGT-nin Gömrük Hüquq Mühafizə Şəbəkəsi, təchizat zəncirinin təhlükəsizliyi və gömrük-biznes əməkdaşlığı və Səlahiyyətli İqtisadi Operator proqramları, narkotik vasitələr üzrə beynəlxalq konvensiyalar haqqında geniş bilik əldə ediləcək. Bundan başqa, təlim zamanı praktiki məşğələlər keçiriləcək, konteynerlərdə gizlətmə üsulları, konteynerdə axtarış və plombların saxtalaşdırılmasına dair ətraflı məlumat veriləcək.

Təlimi “Konteyner daşımalarına nəzarət proqramı”nın təlimçi eksperti - Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli və milli əlaqələndirici - Əməliyyat-İstintaq Baş İdarəsinin xarici tərəfdaşlarla əməkdaşlıq şöbəsinin rəisi Azad Vəliyev aparır. Təlim fevralın 22-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.