ELM VƏ TƏHSİL
Könül Bünyadzadə: İlham Əliyevə səs vermək Azərbaycanın tarixinə sahib olmağa səs verməkdir
Bakı, 14 fevral, AZƏRTAC
İlham Əliyevə səs vermək Azərbaycanın yalnız bu gününə, sabahına deyil, keçmişinə, tarixinə sahib olmağa səs verməkdir. İlham Əliyevə səs vermək Azərbaycanın inkişaf tarixinin qırılmadan, sabit davam etməsinə səs verməkdir.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında prezident seçkiləri ilə bağlı keçirilən toplantıda AMEA-nın müxbir üzvü Könül Bünyadzadə deyib.
Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb. Dövlətimizin başçısının cari ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinə dair müvafiq Sərəncamını xatırladan alim bununla Prezident İlham Əliyevin Şərqin ilk demokratik respublikası olan Azərbaycanın tarixi köklərinə sahib çıxdığını vurğulayıb. Qeyd edib ki, respublikamızın dünya ölkələri arasında layiqli yer tutması dövlətimizin başçısının xalqımız və dövlətimiz üçün reallaşdırılan məqsədyönlü siyasətin, düşünülmüş inkişaf proqramının məntiqli nəticəsidir.
K.Bünyadzadə hər kəsi qarşıdakı prezident seçkilərində ölkəmizə böyük uğurlar qazandırmış İlham Əliyevə səs verməyə çağırıb.