SİYASƏT


Könül Nurullayeva: Brüssel Azərbaycanın sülh prosesi ilə bağlı təkliflərini və atdığı addımları dəstəkləyir

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycanın postmünaqişə reallıqları ilə bağlı bütün təklifləri beynəlxalq birlik tərəfindən də dəstəklənir. Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə telefon zəngində də bu dəstək açıq şəkildə ifadə olunub. Brüssel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasını vacib hesab edir. Məlumdur ki, Azərbaycan bu istiqamətdə konkret addımlar atır və regionun davamlı inkişafına xidmət edəcək sülh gündəliyinin də müəllifi Azərbaycandır. Belə ki, məhz Bakının sülh sazişi üçün irəli sürdüyü 5 baza prinsipi aparılan danışıqların əsas müzakirə mövzusudur. Söhbət ilk növbədə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması - sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demokrasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılmasından gedir. Çünki sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Bu barədə Prezident İlham Əliyev bütün beynəlxalq tribunalardan bəyan edib. Bu, Qafqazda sülhə töhfə vermək üçün Azərbaycanın iradəsinin nümayişidir. Bakı haqlı olaraq bütün beynəlxalq güclərdən sülh prosesinə töhfə gözləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, dövlətimizin başçısı ABŞ-ın müstəqillik günü münasibətilə amerikalı həmkarı Cozef Baydenə təbrik məktubunda da bu məqamı xüsusi vurğulayıb. Bildirib ki, Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda, rəsmi Bakı beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın da töhfə verə biləcəyi qənaətindədir.

“Təsadüfi deyil ki, həllini gözləyən humanitar məsələlər də hər zaman gündəlikdədir və Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemi, birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş hesab olunan 4 min nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyi Şarl Mişellə budəfəki danışıqlarda da müzakirə mövzusu olub. Eyni zamanda, Prezident İlham Əliyev C.Baydenə məktubunda da bu məsələyə toxunaraq, işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minaların bərpa və yenidənqurma işlərinə böyük əngəl olaraq qaldığını bildirib, itkin düşmüş soydaşlarımızın taleyinin aydınlaşdırılması məsələsində ABŞ-ın da dəstəyinə böyük ümidlər bəsləndiyi qeyd olunub”, - deyə Könül Nurullayeva qeyd edib.

Deputatın sözlərinə görə, rəsmi Bakı üçtərəfli razılaşmaların, eləcə də Brüssel sülh gündəliyinin müddəalarını yerinə yetirməklə yanaşı Ermənistandan da eyni yanaşmanı sərgiləməyi və konkret addımlar atmağı tələb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.