CƏMİYYƏT


Könül Nurullayeva: V İslam Həmrəyliyi Oyunlarında qardaş Türkiyəyə hər cür dəstək verməyə hazırıq

Bakı, 7 iyul, AZƏRTAC

Avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçiriləcək. Yarışlarda 55 ölkədən 5 min idmançı iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin və Koordinasiya Komissiyasının üzvü Könül Nurullayeva yarışlara hazırlıq işləri ilə tanış olmaq üçün Konyaya səfər edib. K.Nurullayeva səfəri zamanı Türkiyənin nüfuzlu KİV-lərinə açıqlama verib.

Konya şəhərinin oyunlara hazırlıq prosesini yüksək qiymətləndirən İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin və Koordinasiya Komissiyasının üzvü bildirib: “İslam Həmrəyliyi Oyunları üçün Konya şəhərinin seçilməsi ən uğurlu seçimlərdən biridir. Mövlananın şəhəri olan Konya zəngin tarixə və mədəniyyətə malikdir. Hesab edirəm ki, Konya ən yaxşı yarışlardan birinə ev sahibliyi edəcək”.

Səlcuq Universiteti Dilek Sabancı Konservatoriyasında könüllülərin hazırlıq proqramına da qatılan K.Nurullayeva Türkiyənin ilk olimpiya velodromu, üzgüçülük hovuzu, atletika kimi idman obyektlərinə baş çəkdiyini və şəhərin idman infrastrukturunun yarışlara tam hazır olduğunu bildirib: “Hazırda hazırlıqların son mərhələsidir. Hər şey yüksək səviyyədədir. Konyanın oyunlara yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminəm. Ümid edirəm ki, bu, İslam Həmrəyliyi Oyunları tarixində ən yaddaqalan yarışlardan biri olacaq”.

Azərbaycan-Türkiyə qardaşlığına da toxunan deputat bildirib ki, bizi bir-birimizə bağlayan bağlar çox güclüdür. Bütün dünya bu birliyi görür. İki ölkə həmişə bir-birinin yanındadır. İslam Oyunlarında da birlikdəyik. İstər könüllülərin iştirakı, istərsə də oyunların təşkili ilə bağlı qardaş ölkəyə dəstək olmağa hazırıq.

Türkiyə Təşkilat Komitəsinin fəaliyyətinə də toxunan Milli Məclisin deputatı həm İslam Əməkdaşlıq Təşkilatının, həm də qardaş Azərbaycanın təmsilçisi kimi təşkilati işləri yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.