CƏMİYYƏT
“Könüllü Qida Nəzarətçi”lərinin təlimlərinə başlanılıb
Bakı, 31 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin “Könüllü Qida Nəzarətçisi” proqramına cəlb edilən könüllülər üçün təlimlərə start verilib. Qida Təhlükəsizliyi İnstitutunda keçirilən tədbirdə könüllülərə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqamətləri və ölkədə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlərlə əlaqədar məlumat verilib. Qeyd olunub ki, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə növbəti dəstəyini ehtiva edir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə ölkəmizdə yeni qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər, könüllülük anlayışı, “Könüllü Qida Nəzarətçisi” proqramının məqsədi, həmin fəaliyyətin gənclərin peşəkar inkişafında rolu və proqrama qoşulan gənclərin görəcəyi işlər diqqətə çatdırılıb.
Tələbələrin könüllülük proqramına cəlb edilmələrinin onların bilikli və bacarıqlı kadr kimi yetişmələrində mühüm rol oynayacağı vurğulanıb.
Tədbirdə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən könüllülərə qida zəncirinin nəzarət nöqtələri, istehsalçıların məsuliyyəti, risklərin qiymətləndirilməsi və idarə edilməsi, şəffaflıq, ictimaiyyətin qida təhlükəsizliyi istiqamətində dəqiq və dolğun məlumat almasının təmin olunması və s. mövzularda məlumatlar verilib.
Təlimdə könüllüləri maraqlandıran suallar cavablandırılıb və təqdimatlar olub.
Təlim iki gün davam edəcək.