İQTİSADİYYAT
Könüllü fəaliyyətini uğurla başa vurmuş məzunlara sertifikatlar verilib
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycanda “Könüllülük Həftəsi” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllü fəaliyyətini uğurla başa vurmuş məzun könüllülərə sertifikatlar təqdim edilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə agentlikdə "KOB Könüllüləri Proqramı" həyata keçirilir. İndiyədək agentlikdə 100-dək gənc bu proqram çərçivəsində könüllü fəaliyyətinə cəlb edilib. Hazırda 32 könüllü gənc agentlikdə və regionlardakı “KOB Dostu” ofislərində fəaliyyət göstərir. Proqramı müvəffəqiyyətlə başa vuran bir sıra gənc dövlət və özəl qurumlarda işlə təmin olunub.