İQTİSADİYYAT
“Könüllü gömrükçü”lər Gömrük Komitəsinin müxtəlif strukturlarında fəaliyyətə başlayıblar
Bakı, 25 iyun, AZƏRTAC
“Könüllü gömrükçü”lər Dövlət Gömrük Komitəsinin (DGK) müxtəlif strukturlarında fəaliyyətə başlayıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, xəbər verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, startap layihələri ilə bağlı cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və inkişaf etdirmək məqsədilə DGK sədri tərəfindən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında” sərəncam imzalanıb və Gömrük Komitəsində “Könüllü gömrükçü” dəstəsi yaradılıb. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən ASAN Könüllülük Məktəbinin “Master 2” pilləsi çərçivəsində təşkil olunan müsahibələrin iştirakçısı olan və Dövlət Gömrük Komitəsində təcrübədə iştirak etmək istəyən 58 nəfər könüllünün komitənin aparatının, eyni zamanda, DGK-nın strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin struktur bölmələrində, habelə Gömrük Komitəsinin digər qurumlarında könüllü fəaliyyət göstərmələri də nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin Akademiyasından da 63 tələbə könüllülük fəaliyyətinə cəlb olunub. Ümumilikdə gömrük orqanlarında ilkin olaraq 121 “könüllü gömrükçü” fəaliyyətə başlayıb.
Artıq cəlb olunan könüllülərdən – 5-i Dövlət Gömrük Komitəsi Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsində, 2-si Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsində, 20-si Əməliyyat-İstintaq Baş İdarəsində, 2-si Beynəlxalq Əməkdaşlıq İdarəsində, 2-si İnzibati İdarəetmənin Təşkili İdarəsində, 2-si Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsində, biri İnfrastrukturun İnkişafı İdarəsində, 2-si Hüquqi Təminat İdarəsində, 30-u Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, 16-sı Bakı Baş Gömrük İdarəsində, 4-ü Sumqayıt Baş Gömrük İdarəsində, 7-si Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində, 8-i Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində, 3-ü Mərkəzi Gömrük Ekspertizası İdarəsində, 4-ü Baş Gömrük Mühafizə Xidmətində, 2-si Qərb Ərazi Baş Gömrük İdarəsində, 10-u Tibb Xidməti İdarəsində, biri isə Ticarətin Asanlaşdırılması Mərkəzində 4 ay müddətində könüllülük fəaliyyəti göstərəcək.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, "Könüllü gömrükçü" dəstəsinin rəhbəri Vüqar Əliyev könüllüləri komitənin müxtəlif strukturlarının rəhbərlərinə təqdim edib, onlar da öz növbəsində gənc könüllülərə tövsiyə və tapşırıqlarını, fəaliyyət zamanı nizam-intizam, insan hüquqlarına hörmət, qanunun aliliyi prinsiplərinə və etik davranış qaydalarına riayət etməyin vacibliyini vurğulayıb və onlara fəaliyyətləri dövründə uğurlar arzulayıblar.
Hər bir "könüllü gömrükçü" dəstəsinin üzvü ilə Azərbaycan Respublikası "Könüllü fəaliyyət haqqında" Qanununun tələbinə müvafiq olaraq müqavilə bağlanılıb, eyni zamanda, hər bir könüllü xüsusi geyim dəsti ilə təmin olunub.