ELM VƏ TƏHSİL


“Könüllü” tələbə təqaüd proqramının şərtləri açıqlanıb

Bakı, 19 oktyabr, AZƏRTAC 

Azərbaycan Universiteti, “ASAN” Könüllüləri Təşkilatı və “Azərbaycan Universitetləri” facebook səhifəsinin (https://www.facebook.com/eduaz/) təşəbbüsü ilə ali məktəb tələbələrinin mütərəqqi ideya və təşəbbüslərinin, şəxsi inkişafının dəstəklənməsi məqsədi ilə təsis olunan “Könüllü” tələbə təqaüd proqramının şərtləri ictimaiyyətə açıqlanıb.

Azərbaycan Universitetindən AZƏRTAC-a bildiriblər ki, proqram dövlətimizin başçısının müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.5-ci bəndinə uyğun olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstəyin göstərilməsi məqsədi daşıyır.

“Könüllü” tələbə təqaüd proqramına ixtisasından asılı olmayaraq ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin Azərbaycan Respublikasının vətəndaşı olan tələbələri müraciət edə bilərlər. Sosial şəbəkə istifadəçilərinin rəyləri nəzərə alınmaqla təqaüd proqramına müraciət üçün ixtisas məhdudiyyəti qoyulmayıb.

“Könüllü”lük hərəkatının formalaşmasındakı rolunu nəzərə alaraq təqaüd proqramında Avropa Oyunları, İslam Oyunları, “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, “Bir” Tələbə Könüllü Proqramı və BMT könüllüsü olmuş, hazırda könüllü olan gənclərə üstünlük veriləcək.

Təqdimatlar müvafiq olaraq sosial innovasiyalar, sosial xidmətlərin inkişafında informasiya texnologiyaları kənd turizminin inkişafına aid olmalıdır. Müsabiqə üzrə müraciətlər noyabrın 25-i saat 18:00-dək qəbul olunacaq. Təqaüd alan tələbələr 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə elan olunacaqlar.

Təqaüd proqramına müraciət etmək istəyənlər https://goo.gl/JsBgxg keçidindən istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.