Könüllülər 55 il birgə ömür sürmüş Bilalovlar ailəsində qonaq olublar
AzerTAg.az
Qəbələ, 15 may, Mustafa Dadaşov, AZƏRTAC
15 May – Beynəlxalq Ailə Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) əməkdaşları və könüllüləri 55 il birgə ömür sürmüş Bilalovlar ailəsində qonaq olublar.
Qəbələ UADM-nin direktoru Günel Ağayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, görüş zamanı ailənin ağbirçəyi Gülnisə nənə ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasından danışıb. Nənə qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və xoşbəxt olduğunu xüsusi qeyd edib.
Aslan baba həyat təcrübəsindən danışıb, yeni qurulan ailələrə öz nəsihət və tövsiyələrini verib.
Qeyd edək ki, 8 övlad, 16 nəvə və 3 nəticə sahibi olan Bilalovlar ailəsi 55 ildir ki, qarşılıqlı hörmət və məhəbbəti qoruyub saxlayaraq, ailə dəyərlərinin yaşadılmasında gənclərə, yeni qurulan ailələrə nümunə olublar.
Ailə üzvləri əlamətdar gün münasibətilə məhz onların ailəsini seçdiklərinə görə Qəbələ UADM-nin əməkdaşlarına təşəkkürünü bildiriblər.



Xəbərin mətnində orfoqrafik səhv var