ELM VƏ TƏHSİL
Könüllülər BŞTİ-nin struktur bölmələrinin fəaliyyətində yaxından iştirak ediblər
Bakı, 7 avqust, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) reallaşdırılan dördüncü könüllülük proqramı yekunlaşıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, dördüncü könüllülük proqramına 300-ə yaxın gənc müraciət edib. Müvafiq meyarlar əsasında onlardan yüz nəfər müsahibəyə çağırılıb. Gənclərdən 42-si müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, onlardan 33-ü BŞTİ–nin müvafiq sektorlarında, 7-si xidmət bölmələrində, 2-si təlimə dəstək mərkəzində fəaliyyətə başlayıb.
Könüllü gənclər BŞTİ-nin müvafiq struktur bölmələrinin fəaliyyətində yaxından iştirak edərək tapşırılan işləri uğurla yerinə yetirib, korporativ ünsiyyət vərdişləri və təcrübə qazanıblar.
Könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
Qeyd edək ki, BŞTİ dörd ildir könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İntizamlı, xoşrəftar, kollektivdə çalışmağı, informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin sonuncu kursunda oxuyan gənclər BŞTİ-də üç ay təcrübə keçmək imkanı qazanırlar.