REGİONLAR
“Könüllülər Yurdu - Azərbaycan” layihəsinin növbəti ünvanı Qubadır VİDEO
Quba, 22 avqust, Elxan Yusifli, AZƏRTAC
“Könüllülər Yurdu - Azərbaycan” layihəsinin növbəti ünvanı Quba şəhəridir. “ASAN Könüllüləri” Təşkilatının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı bu layihə respublikanın 24 şəhər və rayonunu əhatə edir.
AZƏRTAC xəbər verir ki, avqustun 22-də Qubada keçirilən tədbirdə “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov könüllülüyün prinsipləri haqda ətraflı məlumat verib.
Layihə çərçivəsində keçirilən təlimlərdə “ASAN Könüllüləri” Təşkilatının əməkdaşları Həsənxan Həsənxanlı və Elxan Şükürov Quba və Xaçmazdan olan 150-yə yaxın gəncə könüllülərin cəmiyyətə aşıladıqları dəyərlər və bununla bərabər özünüinkişaf meyarları haqqında məruzə ediblər.
“Könüllülər yurdu - Azərbaycan” layihəsi çərçivəsində könüllülər tərəfindən “Yol hərəkəti qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”, “Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” adlı sosial aksiyaların keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində mindən çox gəncin təlim və sosial aksiyalarda iştirakı, 80 mindən artıq vətəndaşın könüllülük fəaliyyəti haqqında məlumatlandırılması planlaşdırılır.