“Könüllülər dekadası” çərçivəsində “Könlüm keçir Qarabağdan” mövzusunda onlayn görüş keçirilib
AzerTAg.az
Bakı, 4 dekabr, AZƏRTAC
“Könüllülər dekadası” çərçivəsində “Könlüm keçir Qarabağdan” mövzusunda onlayn görüş keçirilib.
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, təşkilatın sədri Miraqil Seyidzadə tədbirdə çıxış edərək görüşün məqsədinin Vətən müharibəsində rəşadətlə vuruşan igidlərimizi tanımaq, onların şərəfli döyüş yolunun təbliği olduğunu vurğulayıb. Qeyd edilib ki, İkinci Qarabağ müharibəsində düşmənə qalib gələn Azərbaycan Ordusu hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Qazilərimizdən Həmid Həmidli, Pərvin Abdullayev, Misir Axundov, Abbas İbrahimli, Ağasən Mustafayev, Rəşad Fətiyev çıxışlarında döyüş xatirələrindən, xalqımızın yüksək mənəvi dəstəyindən və şəhidlik zirvəsinə ucalmış döyüş yoldaşlarının qəhrəmanlıqlarından danışıblar. Onlar Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini, Vətən uğrunda canlarından keçməyə hər an hazır olduqlarını bildiriblər.
Sonda könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərin mətnində orfoqrafik səhv var