CƏMİYYƏT
“Könüllülər ili” çərçivəsində XII Qış Liderlik Məktəbinə start veriləcək
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 10-dan başlayaraq bir həftə ərzində 120 tələbənin iştirakı ilə Gəncədə XII Qış Liderlik Məktəbi təşkil olunacaq. Gənclər və İdman Nazirliyinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə tələbələr üçün təşkil etdiyi və fevralın 16-dək keçiriləcək XII Liderlik Məktəbi layihəsinə “Gənclik”, “Gələcək”, “İnkişaf” “Birlik” və “Liderlik” komandaları qatılacaqlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və s. xüsusiyyətlərin aşılanması, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək liderlərin yetişdirilməsidir.
Respublikada təhsil alan ali və orta ixtisas təhsil müəssisələrinin I-III kurs tələbələri üçün təşkil olunan Liderlik Məktəbində iştirak üçün mindən çox tələbə müraciət edib. Tələbələrdən müsabiqə tələblərini ödəyən 500-ə yaxını müsahibəyə dəvət olunublar. Onların arasından 120 tələbə düşərgədə iştirak hüququ qazanıb.
Tələbələrə peşəkarlar təlimçilər tərəfindən “Liderlik”, “Layihələrin yazılması”, “Könüllülük”, “Media” və “Menecment üsulları” mövzularında təlimlər keçiriləcək. Təlimlərlə yanaşı, tələbələr “Qarabağ Azərbaycandır!”, “Media”, “İdman!”, “2020 Bizim İlimİZdir”, və “Gənclər siyasəti” mövzularında təşkil olunmuş panellərdə iştirak edəcəklər. İştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və s. işlərlə məşğul olacaq, həmçinin hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdirəcəklər. Layihənin sonuncu günündə tələbələr təlim materialları əsasında tərtib olunmuş imtahanda iştirak edəcəklər.
Qalib komanda hədiyyələrlə mükafatlandırılacaq.
ATGTİ-nin birgə təşkilatçılığı ilə həyata keçirdiyi layihə sayca 12-cidir. Liderlik Məktəbi bundan əvvəl Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz, Şəmkir, Mingəçevir və Daşkəsən şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasında keçirilib.
Layihənin açılış tədbiri fevralın 10-da saat 16:00-da Gəncədəki “Ramada Plaza”da təşkil olunacaq.