CƏMİYYƏT
“Könüllülər ili” mövzusunda beynəlxalq konfrans keçirilib






Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Qırğızıstanın könüllü təşkilatlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirilib. “Zoom” və “YouTube” platformaları vasitəsilə yayımlanan konfransda Azərbaycanda və Qazaxıstanda “Könüllülər ili”nin yekunları ilə bağlı aktual məsələlər müzakirə edilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə həm Azərbaycanda, həm də Qazaxıstanda milli könüllülük hərəkatının inkişafı və koronavirus pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdə könüllülərin fəal iştirakı və dəstəyi vurğulanıb. Qeyd edilib ki, könüllülər nümunəvi həmrəylik və birlik nümayiş etdirməklə COVID-19 pandemiyasına qarşı mübarizədə əhəmiyyətli rol oynayıblar.
Konfransda Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov, baş katib Emiliya Bayramova və idarə heyətinin üzvü Kamran Əliyev “Beynəlxalq təcrübədə COVID-19”, “IT texnologiyalarının könüllülük sahəsində tətbiqi (veb saytlar, mobil tətbiqlər və s.)”, “Qanunvericilikdə könüllülük” və “Könüllülüyə dəstək” mövzularında çıxış edərək təcrübələrini bölüşüblər. Çıxışlarda dünyanı bürümüş pandemiya ilə mübarizə məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sıralarında birləşən könüllülərin fəaliyyəti, ölkəmizdə könüllülük hərəkatının inkişafının başlanğıcı hesab edilən ASAN könüllüləri haqqında, Azərbaycan könüllülərinin vahid elektron portalı “konullu.az”, həmçinin gənclər üçün müxtəlif imkanları özündə cəmləşdirən “GencApp” mobil tətbiqi barədə ətraflı məlumat verilib. Həmçinin ölkəmizdə könüllülük sahəsində fəaliyyətin “Könüllü fəaliyyət haqqında” qanunla tənzimləndiyi vurğulanıb.
Xatırladaq ki, dekabrın 2-də Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə Qazaxıstanın Milli Könüllülük Şəbəkəsi arasında ölkələrimizin davamlı inkişaf hədəflərinin həllinə istiqamətlənən ortaq könüllü proqramları və layihələrinin həyata keçirilməsi məqsədilə saziş imzalanıb.