ELM VƏ TƏHSİL
Könüllülər siqaretin zərərləri barədə paytaxt sakinlərini maarifləndiriblər
Bakı, 5 iyun, AZƏRTAC
Tələbə-könüllülər tərəfindən İçərişəhərdə Ümumdünya Tütünsüz Gününə həsr olunmuş fləşmob keçirilib.
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən aksiya tütünün insan orqanizminə vurduğu zərərlər paytaxt sakinlərini maarifləndirmək məqsədi daşıyıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, aksiyada könüllülər siqaretin zərərləri barədə Bakı sakinlərinə maarifləndirici məlumatlar veriblər.
“Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılıb. Proqram tələbələrin karyera qazanmasında və dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.
Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisəsini əhatə edən proqram 15 mindən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət etmiş könüllülər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Masallıda təmsil olunublar.