CƏMİYYƏT
Könüllülərin bölgələrdəki fəaliyyəti davam edir
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı altında maraqlı və maarifləndirici aksiyaları həyata keçirməyə davam edir.
AKƏM-dən AZƏRTAC-a bildiriblər ki, gənc könüllülər ölkəmizdə xüsusi karantin rejiminin hələ də davam etdiyini nəzərə alaraq və karantin rejiminin tələblərinə uyğun olaraq, koronavirus infeksiyasından qorunmaq məqsədilə parklarda, yeraltı keçidlərin qarşısında və səkilərdə vətəndaşlara ara məsafəsinin qorunmasını xatırladan xüsusi istiqamətləndirici işarələr çəkərək, hamını məsafə saxlamağa və sakinlərin bir-birini infeksiyaya yoluxmaqdan qorumağa təşviq ediblər.
Aksiyanın faydalı cəhətlərindən biri də odur ki, könüllülərin bu addımları sayəsində onların daim həmin məkanlarda olmaları zərurəti yaranmır. Vətəndaşlar yerdə çəkilən işarələrlə xatırlatma alır, bu işarələr əsasında hərəkət etməklə sosial məsafəni qoruyur və infeksiyanın yayılmasının qarşısını almağa müvəffəq olurlar.
Aksiyada iştirak edən könüllülər karantin rejiminin qaydalarına tam riayət edərək, öz fəaliyyətlərini yaşayış yerlərinə yaxın ərazidə, SMS icazə sisteminin yaratdığı iki saatlıq açıq havada olma hüququndan istifadə etməklə həyata keçiriblər.
Balakən, Zaqatala, Qəbələ, Göygöl, Goranboy, Saatlı, Şamaxı, Tərtər rayonlarında başlayan aksiyaya Şəmkir, İsmayıllı, Quba, Qazax, Göyçay, Biləsuvar, Qax, Ağdam, Bərdə, Qusar, Sabirabad, Kürdəmir, Şirvan, Mingəçevir, Şəki və Tovuz rayonlarının gənc könüllüləri də qoşulublar.