CƏMİYYƏT
“Könüllülərin idarə olunması” mövzusunda beynəlxalq konfrans keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTI) və Bakı Şəhər Halqası Akademiyasının birgə təşkilatçılığı ilə “Könüllülərin idarə olunması” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.
AKTİ-dən AZƏRTAC-a bildiriblər ki, bir sıra rəsmi qonaqların, eləcə də könüllülük sahəsində çalışan xarici ekspertlərin və müxtəlif ölkələri təmsil edən könüllülərin iştirakı ilə keçirilən konfransda gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova, BMT könüllülərinin Asiya və Sakit Okean üzrə regional menecerinin müavini Dmitri Frişin və bir sıra ölkələrin nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edənlər öz ölkələrində könüllülük hərəkatının inkişafı, həyata keçirilən müxtəlif layihə və tədbirlər haqqında məlumat verib, beynəlxalq tədbirlərdə könüllülərlə iş üzrə təcrübələrini bölüşüblər. Bundan əlavə, təmsilçilər könüllülük sahəsində beynəlxalq əməkdaşlıq, əlaqələrin inkişaf etdirilməsi və həyata keçirilə biləcək ortaq layihələr haqqında müzakirələr aparıblar.
Sual-cavab sessiyası ilə davam edən konfransda könüllüləri maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib və gənclər xaricdə iştirak edə biləcəkləri müxtəlif könüllülük proqramları haqqında ətraflı məlumatlandırılıblar.