CƏMİYYƏT


Könüllülük - gənclərin yeni inkişaf modeli kimi

Bakı, 6 mart, AZƏRTAC 

Dünyada könüllülük fəaliyyətinin neçə əsrlik tarixi var. Qeyd edək ki, könüllülük müxtəlif coğrafi ərazilərdə müxtəlif səbəblərlə həyata keçirilib. Qədim zamanlarda müxtəlif dinlərin yayılması və təbliğatı zamanı, xəstəlik epidemiyaları başladıqda həkimlərin insanlara yardım etməsi və s. fəaliyyətlər könüllülük prinsipləri üzərində həyata keçirilib. XVII-XVIII əsrlərdə Fransa və İngiltərədə ilk könüllülülər hərbi xidmətə gedən insanlar olub. O zamanlar hərbi xidmət məcburi olmadığı üçün kralın çağırışı ilə insanlar könüllü surətdə müharibələrə və ümumilikdə hərbi xidmətə gedirdilər. Şimal qonşumuz olan Rusiyada XIX əsrdə könüllülük prinsipləri ilə çalışan müəllim və həkimləri nümunə göstərmək olar. O dövrdə bəzi zadəganlar təhsilsiz insanlara dərs keçiblər və bu bir dəb halını alıb. Eyni zamanda, müxtəlif xeyriyyə cəmiyyətləri də yaradılıb. 1859-cu ildə İtaliya, Fransa və Avstriya arasında olan Solferino döyüşündən təsirlənən İsveçrə yazıçısı və iş adamı Anri Dünan yerli kilsələrin birində öz vəsaiti hesabına hospital yaradır. Burada yaralılara könüllülər ilkin tibbi yardım göstəriblər. Bunun nəticəsində yaradılan, könüllülük fəaliyyətinin bariz nümunələrindən biri olan və bu gün də fəaliyyətini davam etdirən Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətlərini misal göstərə bilərik.

Azərbaycanda könüllülük ənənələrinin yaranması və bu fəaliyyət növü haqqında AZƏRTAC-ın suallarını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini, “ASAN Könüllülük” Məktəbinin rəhbəri Cahangir Hacıyev cavablandırıb.

- Azərbaycanda könüllülük ənənələri necə yaranıb?

- Azərbaycanda könüllülüyün tarixi kifayət qədərdir və bu fəaliyyət bizim milli dəyərlərimizin, eyni zamanda, sülhsevən və ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir. XIX əsrin sonu XX əsrin əvvəllərinə nəzər salsaq, bir sıra xeyriyyə cəmiyyətlərinin yarandığını və insanlarımızın burada könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığını görə bilərik. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə ictimai-siyasi proseslərdə könüllülərin kifayət qədər rolu olub. İlk yaranan könüllü özünümüdafiə dəstələrini, müharibəyə könüllü gedən həkim və tibb bacılarını misal kimi göstərmək olar. Qanlı 20 Yanvar hadisələri zamanı insanların xəstəxanalara könüllü gedərək qan verməsi də xalqımızın könüllülük dəyərlərinin bariz nümunələrindəndir.

- “ASAN” könüllülük hərəkatı nədir?

- İlk öncə onu qeyd edək ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətinin bariz nəticələrindən biri də Azərbaycanda olan könüllülük hərəkatıdır. 2012-ci il dekabrın 29-da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı zamanı bir qrup “ASAN könüllüsü” ilə görüşən Prezident İlham Əliyev “ASAN” könüllülük hərəkatına öz xeyir duasını verib. Bildirim ki, “ASAN”a qədər müstəqillik əldə olunandan sonra müxtəlif qeyri-hökumət və beynəlxalq təşkilatlarda yüzlərlə Azərbaycan gənci könüllü olub. Lakin bir könüllülük hərəkatı olaraq bu fəaliyyət “ASAN”dan başlayır. Bununla bağlı 2016-cı il dekabrın 28-də 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinin açılışı zamanı dövlət başçısı tərəfindən səsləndirilən fikri xatırlamaq istərdim: “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır”. Ölkə başçısı tərəfindən könüllülüyə göstərilən dəstək bizi neçə illər tarixi olan könüllülük ənənələrinə qaytardı və gənclərə yeni fürsətlər yaratdı.

- “ASAN” könüllülük hərəkatının respublikadakı könüllülük fəaliyyətinə nə kimi təsiri var?

- “ASAN” könüllülük hərəkatı könüllülükdə yeni yanaşmanı ortaya qoydu və bunun bütün tərəflər üçün səmərəli bir fəaliyyət olduğunu sübuta yetirdi. Təsadüfü deyil ki, 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyev bir daha “ASAN”dakı könüllülük fəaliyyətini vurğuladı və bütün dövlət və özəl qurumlara gəncləri könüllü kimi işə cəlb etməyi və onlara təcrübə qazanmağa fürsət yaratmağı tövsiyə etdi. Respublikadakı könüllülük fəaliyyətinə bir daha nəzər yetirsək görərik ki, “ASAN” könüllülük hərəkatı digər könüllülük fəaliyyətlərinin də yaranmasına müəyyən təsir edib. Misal olaraq, KOB və “Bir” Tələbə-Könüllü proqramının könüllülərini, daha sonra isə 2019-cu il yanvarın 24-də Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı zamanı dövlət başçısına təqdim olunan “Aqrar İnkişaf Könüllüləri” hərəkatını da göstərmək olar. Təqdimat zamanı dövlət başçısı bir daha vurğulamışdı: “Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlamışdır və çox geniş vüsət almışdır”. Ölkə başçısının tövsiyəsinə əsasən artıq prokurorluq orqanlarında “ictimai köməkçilər” qismində hüquqşünaslıq ixtisası üzrə təhsil alan gənclər könüllü kimi fəaliyyət göstərəcəklər. Eyni zamanda, ədliyyə və digər dövlət orqanlarında da gənclərin könüllü kimi müvafiq proseslərə cəlb olunmasına başlanılıb. Bunun hamısı gənclərə və onların inkişafına nə qədər önəm verildiyindən xəbər verir.

- Çoxlu sayda könüllülük hərəkatlarının yaranması bizə nə verəcək?

- Çoxlu sayda könüllü hərəkatlarının yaranması əslində bu sahədəki sağlam rəqabət mühitini formalaşdırır və nəticə olaraq bütün tərəflər və ümumilikdə dövlətimiz, cəmiyyətimiz qazanmış olur. Bu hərəkatların bizə nə qazandırdığını soruşsanız deyərdim ki, təcrübəli, bacarıqlı, müasir düşüncəli və ölkə başçısının vurğuladığı dəyərləri özündə birləşdirən müasir Azərbaycan gəncini və kadr ehtiyatını inkişaf etdirir. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahat və inkişafın kənardan passiv izləyicisindən onun aktiv bir parçasına çevrilirlər.

- “ASAN” könüllülük hərəkatının gənclərin inkişafına nə kimi təsiri var?

- “ASAN” könüllülük hərəkatı iki əsas platformadan “ASAN Könüllülük” Məktəbi və “ASAN Könüllüləri” Təşkilatından ibarətdir. Bunların hər birinin əsas məqsədi könüllülərə bilik, təcrübə və bacarıqlar qazandırmaqdır. “ASAN”ın xidmət sahəsindəki fəaliyyətinin mərkəzində vətəndaş durduğu halda “ASAN” könüllülük hərəkatının mərkəzində könüllü durur və bunun nəticəsidir ki, hər bir könüllüyə fərdi yanaşma var. Gənclərin inkişafı ilə bağlı onu demək olar ki, ilkin olaraq “ASAN Könüllülük” Məktəbinə müraciət edən gənclər müsahibədən keçərək könüllülüyə qəbul olunurlar. Sonra onlar hər qəbul olunan qrup üçün hazırlanmış xüsusi təlim və təcrübə proqramından keçirlər. Digər tərəfdən könüllülər “ASAN Könüllüləri” Təşkilatında da fəaliyyət göstərə bilirlər. Qeyd edim ki, təşkilat tərəfindən bu günə kimi yüzlərlə müxtəlif səpkidə layihələr həyata keçirilib. Hərəkatın bütün fəaliyyəti könüllülərin həm fərdi inkişafına həm də dövlətə, vətənə bağlı olan məsuliyyətli bir vətəndaş kimi formalaşmasına geniş formada təsir edir və eyni zamanda, onları gələcək kadr kimi formalaşdırır.

- “ASAN xidmət” mərkəzlərindəki könüllülük sistemi, onun fərqli cəhətləri haqqında nə deyə bilərsiniz?

- “ASAN xidmət” mərkəzlərindəki könüllülük fəaliyyəti “ASAN Könüllülük” Məktəbi adı altında həyata keçirilir. “ASAN xidmət” mərkəzlərindəki gündəlik könüllülük fəaliyyəti ilə yanaşı könüllülər İDP-İnnovativ Diskussiya Platforması çərçivəsində ictimai-siyasi xadimlərlə fikir mübadiləsi aparmaq imkanı qazanırlar, ekoloji proseslərə maraq göstərən könüllülər “Yaşıl ASAN” ekoloji təşəbbüsünə qoşulurlar, həmçinin tamaşalar, fərdi təqdimatlar, layihələr həyata keçirirlər. Məzun könüllülərin karyera quruculuğunun dəstəklənməsi məqsədilə məktəbdə “ASAN Kadr” karyera mərkəzini və www.asankadr.az portalını yaratdıq. Ümumilikdə bu günə qədər 17000-dən çox gənc məzun olub, 1000-dən çox məzun işlə təmin edilib və yüzlərlə layihələr həyata keçirilib. Bizi fərqləndirən cəhətlərdən biri də odur ki, “ASAN Könüllüləri”nin 65-70 faizini gənc xanımlar təşkil edir. “ASAN” könüllülük hərəkatının əsas dəyərlərinin vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlər, bilik, müasirlik olması ilə yanaşı, bu məktəbin qadınların bütün sahələrdə irəliləməsi və karyerada yüksəlişi baxımından da səmərəliliyini nəzərə alsaq onda demək olar ki, gələcək nəsillərin ölkə başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında vurğuladığı kimi milli ruhda formalaşdırılması üçün zəmin yaranır.

- Gəncləri “ASAN”da könüllü olmağa əsas nə cəlb edir?

- Gəncləri bura ilk olaraq səmimi bir mühitdə təcrübə və dostlar qazanmaq imkanı cəlb edir. Burada özünü ifadə etmək üçün əlverişli imkanlar var. Hər bir könüllü öz ideya və layihəsini irəli sürə bilir. Yaradılmış mühit gənclərin gizli qalmış potensial və bacarıqlarını üzə çıxartmaq imkanı verir. Misal olaraq, bu gün hamının yaxşı tanıdığı və 3000-dən artıq uşağın arzusunu reallaşdıran “ASAN Məktub”, Aprel döyüşləri zamanı “Əsgərə Məktub” və digər layihələri və yaxud Azərbaycan ədəbiyyatında fantastika janrında ilk milli superqəhrəmanlar obrazlarının əks olunduğu “Külək: Yel kürəsinin şahzadəsi” kitabının ərsəyə gəlməsini və digər bu kimi müxtəlif layihə və fikirlərin reallaşmasını göstərmək olar.

- Könüllülük fəaliyyətinin perspektivlərini necə görürsünüz?

- Bu il könüllülük sahəsində gənclər üçün daha böyük perspektivlərin olduğunu söyləmək olar. Dövlətimizin başçısının bütün dövlət və özəl qurumların fəaliyyətinə gənclərin könüllü kimi cəlb olunması ilə əlaqədar tövsiyəsi gənclər üçün yeni fürsətlər yaradacaq. Bu il beş yeni “ASAN xidmət” mərkəzinin açılması region gəncləri üçün “ASAN könüllüsü” olmaq şanslarını artıracaq. Həmçinin vətəndaşlarımızın bu fəaliyyətə gündən-günə artan marağını nəzərə alsaq, könüllülük digər qabaqcıl ölkələrdəki kimi tədricən həyat tərzimizə çevriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.