“Könüllülük gələcəyin sərmayəsidir” mövzusunda forum keçiriləcək
AzerTAg.az
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 5-də “Könüllülük gələcəyin sərmayəsidir” mövzusunda forum keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunacaq onlayn tədbir “Zoom” və “Whatsapp Messenger” proqramları vasitəsilə təşkil ediləcək.
Tədbir gənclərin bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkili, milli maraqlara, milli-mənəvi dəyərlərə bağlılığının artırılması, onlarda vətənpərvərlik və dövlətçilik hislərini gücləndirmək məqsədi daşıyır.
Forum çərçivəsində #BizBirlikdəGüclüyük dəstək aksiyası, yoqa saatı, “Xəmsə” milli intellektual oyunu və konfrans keçiriləcək.
Tədbir Gənclər və İdman Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı və Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın icrasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından böyük əhəmiyyət daşıyır.

Xəbərin mətnində orfoqrafik səhv var