REGİONLAR


Könüllülük gəncliyin sabaha açılan pəncərəsidir

Tərtər, 22 may, AZƏRTAC

Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Könüllülər öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verir, irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, könüllülük fəaliyyətinə Tərtər rayonunda da mühüm əhəmiyyət verilir və daim diqqət mərkəzində saxlanılır. Rayon icra hakimiyyətində 15 nəfər ali təhsilli gənc könüllülük fəaliyyətinə cəlb olunub. Bunlardan 5 nəfəri icra hakimiyyətində dövlət qulluğuna işlə təmin edilib. Bir nəfər gənc könüllü Tərtər Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri təyin olunub. Həmin mərkəz hazırda rayonun gənc aktiv könüllüsü ilə öz fəaliyyətini davam etdirir. Bunlarla yanaşı, rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatlarında da gənc könüllülər fəaliyyət göstərirlər. O cümlədən Dövlət Aqrar İnkişaf Mərkəzində, Rayon Mərkəzi Xəstəxanasında, Gənclər və İdman İdarəsində, Yeni Azərbaycan Partiyası rayon təşkilatında, Regional İnkişaf İctimai Birliyinin Yuxarı Qarabağ nümayəndəliyində, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Mədəniyyət Mərkəzində könüllülər müxtəlif işlərə cəlb olunublar.

Könüllülər rayonun ictimai-siyasi həyatında, sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərməklə ümumi işə öz layiqli töhfələrini verirlər.

Tərtər könüllüləri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın çağırışına qoşularaq koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən tədbirlərdə fəallıq göstərir, əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında böyük həvəslə iştirak edirlər. Gənclər Tərtər şəhərinin məhəllə və küçələrində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşır, ehtiyacı olan şəxslərə zənglər əsasında vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər. YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin könüllüləri koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının ilk günlərindən başlayaraq mütəmadi olaraq tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin, ümumilikdə, 1880 nəfərin evinə baş çəkib, onlara tibbi spirt, tibbi maska, əlcəklər və ərzaq bağlamaları paylayıblar.

Rayonda yaşayan tənha ahıllara, aztəminatlı ailələrə, şəhid ailələrinə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında rayon icra hakimiyyətinin könüllüləri də fəal iştirak ediblər.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən həyata keçirilən "Bir-birimizi qoruyaq!" adlı kampaniya çərçivəsində Azərbaycan könüllülərinin respublikamızın şəhər və rayonlarında koronavirus (COVID-19) pandemiyasının davam etdiyi dövrdə müxtəlif istiqamətlər üzrə cəmiyyətimizin sağlamlığı naminə başladıqları fəaliyyətə Tərtər könüllüləri də qoşulublar. Kampaniya karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, cəmiyyətimizin sağlamlığının qorunması məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.