CƏMİYYƏT
“Könüllülük həftəsi” çərçivəsində silsilə tədbirlər təşkil olunacaq
Bakı, 29 noyabr, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq “Könüllülük həftəsi” ilə əlaqədar mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak ediblər.
İndiyədək gənclər sahəsində təşkil olunan müxtəlif tədbirlərə 22 minədək gəncin cəlb olunduğunu vurğulayan F.Cəfərov bildirib: “Dekabrın 6-dan 9-dək Qusar rayonunda 300 könüllü üçün təşkil ediləcək xüsusi qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanlari üçün şərait yaradılacaq. Gənclər siyasətini prioritet istiqamət olaraq müəyyən etmiş, gənclərin hərtərəfli inkişafı, onların milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi məsələsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə könüllülük hərəkatının genişləndirilməsi, dövlət qurumlarında könüllü qruplarının təsis edilməsi və dəstəklənməsi ilə bağlı çağırışları, respublikamızda keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə könüllülərin yaxından iştirakı, müvafiq qanunvericilik bazasının yaradılması ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb”.
Silsilə tədbirlərə on minədək könüllünün qatılacağını vurğulayan C.Salmanov qeyd edib: “Dekabrın 5-də Beynəlxalq Könüllülər Günü münasibətilə reallaşdırılacaq və bütün könüllülük təşkilatlarının təmsil olunacağı Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda minlərlə gənc iştirak edəcək. Həftə ərzində “Şəhidimiz”, “Könüllülük sərhəd tanımır!” devizləri altında keçiriləcək kampaniyalar çərçivəsində şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxslər ziyarət ediləcəklər. Həmçinin ağacəkmə, ətraf mühitin sağlamlaşdırılması, dəniz və çay sahillərinin, tarixi və turizm məkanlarının tullantılardan təmizlənməsi məqsədilə “Vətənimiz” və “Təbiətimiz” sosial aksiyaları həyata keçiriləcək. Bütün könüllüləri “Könüllülük həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə fəal iştirak etməyə çağırırıq”.
Tədbirdə qeyd olunub ki, bütün könüllü təşkilatlarını və hərəkatlarını, həmçinin Azərbaycanın şəhər və rayonlarını əhatə edəcək “Könüllülük həftəsi” çərçivəsində bir sıra tədbirlərin təşkili nəzərdə tutulur.
Sonra jurnalistlərin sualları cavablandırılıb.