REGİONLAR
Könüllülük hərəkatında gənclərin iştirakı vətəndaş cəmiyyətinin uğurla idarə olunması baxımdan əhəmiyyətlidir
Lənkəran, 12 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 11-də Lənkəran şəhərindəki Gənclər Evində Gənclər Fondunun maliyyə dəstəyi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə “Uğurlu karyera könüllülükdən başlayır” layihə çərçivəsində təlim kursu keçirilib.
Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, layihənin rəhbəri və koordinatoru, Lənkəran Peşə Liseyinin tələbələri və rayonun ümumtəhsil məktəblərində təhsil alan fəal gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd könüllülük fəaliyyətini gənclər arasında təbliğ etmək, layihədə iştirak edəcək gənclərin özlərinin vasitəsilə könüllülüyün daha geniş miqyasda təbliğatını aparmaq, gəncləri cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdir.
Tədbirdə çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllük ili” elan olunub. Layihənin həyata keçirilməsi rayonda könüllülük hərəkatının inkişafına təkan verəcək.
Layihə rəhbəri Nilufər Mahmudzadə Azərbaycan Respublikasının Gənclər Fondu, rəhbəri olduğu layihə haqqında ətraflı məlumat verərək layihənin əsas məqsədinin gənc könüllülər vasitəsilə könüllülük hərəkatının daha geniş platformalarda təbliğ etmək olduğunu bildirib.
Layihənin koordinatoru Elbəy Fətəliyev qeyd edib ki, könüllülük hərəkatında gənclərin yaxından iştirak etməsi onların həm fərdi inkişafı, həm də vətəndaş cəmiyyətinin uğurla idarə olunması baxımdan olduqca əhəmiyyətlidir.
O, gənclərin könüllü olaraq bir sıra idarə və müəssisələrdə, eləcə də gənclər təşkilatlarında yaradılan könüllülük proqramlarına müraciət etmələrini tövsiyyə edib.
Daha sonra təlimçi Rafət Şirəliyev könüllülük fəaliyyəti, könüllülüyün istiqamətləri, bu sahəni tənzimləyən qanunvericvilik bazası, könüllülük sahəsində yerli və beynəlxaq təcrübə haqqında gəncləri məlumatlandırıb.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində növbəti təlim kursu Masallı rayonunda keçiriləcək.