CƏMİYYƏT
“Könüllülük sərhəd tanımır!” devizi altında silsilə tədbirlərin təşkilinə 500 gənc cəlb olunub
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə reallaşdırılan “Azərbaycan könüllülük həftəsi” 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “Könüllülük sərhəd tanımır!” devizi ilə keçirilən silsilə tədbirlərlə davam edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, “Könüllülük sərhəd tanımır!” aksiyasında iştirak edən 500 gənc könüllü Lənkəran, Zaqatala, Şəki, Quba, Mingəçevir, Gəncə şəhərlərində fəaliyyət göstərən uşaq evləri, internat məktəbləri və ahıllar evlərini ziyarət edərək bu müəssisələrin sakinlərinə dəstək və qayğılarını nümayiş etdiriblər. Tədbirlərdə müxtəlif oyunlar və əyləncəli proqramlar təşkil olunub.
Dekabrın 1-də “ŞəhidimİZ” və “VətənimİZ” kampaniyaları ilə start götürən “Azərbaycan könüllülük həftəsi” dekabrın 9-na qədər bütün ölkəni əhatə edən kütləvi tədbirlərin, o cümlədən “TəbiətimİZ” adı altında ekoloji aksiyanın təşkili ilə davam edəcək.
Dekabrın 5-də Azərbaycan Könüllülərinin 2-ci Respublika Həmrəylik Forumunda və xüsusi konsert-əyləncə proqramında minlərlə gəncin iştirakı gözlənilir. Həftənin ən fəal 300 könüllüsü isə dördgünlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı qazanacaq.