REGİONLAR
Könüllülük vətənpərvərlik, xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir
Masallı, 28 yanvar, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Dövlətimizin başçısının imzaladığı Sərəncam ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasına güclü təkan verəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər rayondakı Heydər Əliyev Mərkəzi, Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində keçirilən “Könüllülər-2020” mövzusunda konfransda səsləndirilib.
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır.
Qeyd olunub ki, könüllülük, həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verərək ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula-1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.
Diqqətə çatdırılıb ki, 5 dekabr-Beynəlxalq Könüllülər Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş “Könüllülük həftəsi” ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirdi.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Nuranə Muradova, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə Prezident İlham Əliyevin ölkəmizdə könüllülüyün inkişaf etdirilməsi, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərə göstərilən qayğı və diqqəti gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu bildiriblər.
Fəal gənclərdən İradə İmanbəyli, İdrak Əkbərli, İslam Ərzullazadə, Rafət Şirəliyev çıxış edərək könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb və bu il onların fərqli layihələrlə daha böyük uğurlar qazanacağına əminliklərini ifadə ediblər.
Tədbirdə, həmçinin könüllülüyün region gənclərinin arasında təşviqi, maarifləndirmə xarakterli tədbirlərin təşkili, geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək məqsədilə uzunmüddətli proqramların icrası, könüllülər üçün düşərgələrin təşkili və digər istiqamətlər ilə bağlı təkliflər verilib, mövzu ilə bağlı müzakirələr aparılıb.