İDMAN


“Konya-2021”: Bu gün Azərbaycan təmsilçiləri 10 idman növündə güclərini sınayacaqlar

Konya, 10 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, avqustun 10-da Azərbaycan təmsilçiləri 10 idman növündə güclərini sınayacaqlar.

Atletika yarışlarında Əlhəm Nağıyev mübarizəyə başlayacaq. Təmsilçimiz 200 metr məsafəyə qaçış yarışlarında çıxış edəcək.

Taekvondo yarışlarında isə Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Cavid Ağayev (68 kq) dayanq üzərinə çıxacaqlar.

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsi çərçivəsində Türkiyə seçməsi ilə üz-üzə gələcək.

Qadın voleybolçulardan ibarət millimiz isə B qrupunun oyunları çərçivəsində Əfqanıstan millisini sınağa çəkəcək.

Stolüstü tennis üzrə millimiz komanda yarışlarında Uqanda və Türkiyə yığmaları ilə qarşılaşacaq.

Paraüzgüçülük yarışlarında isə Könül Süleymanova 50 metr məsafəyə arxası üstə üzgüçülükdə çıxış edəcək.

Stend atıcılığının trap növündə ölkəmizi Ramil Rüstəmzadə, Əli Hüseynli, Tamerlan Məmmədov, Aydan Camalova, Alina Rəfixanova, Aydan Babayeva təmsil edəcəklər.

Bu gün “Konya-2021”də güləş yarışlarına da start veriləcək. İlk olaraq xalça üzərinə yığmamızın üzvlərindən Mariya Stadnik (50 kq), Alyona Kolesnik (59 kq), Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Abubəkr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) çıxacaqlar.

İdman gimnastlarımız Nikita Simonov, Mənsum Səfərov və İvan Tixonov bu gün ilk proqramlarını təqdim edəcəklər.

Para-kamandan oxatma yarışlarında isə Cahan Musayev, Əli Nəbiyev, Şahin Cabbarov, Vüsal Kazımov və Azadə Abdullayeva güclərini sınayacaqlar.

Azərbaycan 1 qızıl, 1 gümüş və 1 bürünc medalla hazırda ölkələrin sıralamasında doqquzuncudur. Qızıl medalı komandamıza atletika üzrə millimizin üzvü Anna Skidan çəkicatma yarışlarında qazandırıb. Bu qalibiyyətlə o, İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. Atletimiz Aleksis Kopello üçtəkanla tullanma yarışlarında ikinci pillədə qərarlaşıb. Taekvondoçumuz Həşim Məhəmmədov (58 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.