SİYASƏT


Koordinasiya şuraları beynəlxalq ictimaiyyəti Ermənistanın yolverilməz davranışını pisləməyə çağırıb

Bakı, 5 iyun, AZƏRTAC

Avropada fəaliyyət göstərən İsveç, Norveç, İsveçrə və Niderland–Belçika Azərbaycanlılarının Koordinasiya şuraları iyunun 4-də Kəlbəcərdə baş vermiş dəhşətli hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Koordinasiya şuraları BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı, Avropa Şurası, "Amnesty İnternational", "Human Rights Watch" və digər beynəlxalq təşkilatlara, media qurumlarına birgə bəyanat ünvanlayıblar.

Bəyanatda diqqət Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olmasına, 4 nəfərin yaralanmasına cəlb edilib. Bu dəhşətli hadisə Ermənistanın beynəlxalq konvensiyalara və əldə olunmuş razılaşmalara məhəl qoymamasının, minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsindən imtina etməsinin acı nəticəsi kimi qiymətləndirilib.

Qeyd edilib ki, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan bəri baş verən mina partlayışları zamanı 120-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Soydaşlarımız günahsız insanların ölümünə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü nəzərə çatdırıblar.

Koordinasiya şuraları beynəlxalq birliyi Ermənistanın yolverilməz davranışlarına biganə qalmamağa və rəsmi İrəvandan beynəlxalq hüquqa görə öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.