SİYASƏT
Kopenhagendəki “Ana dili” məktəbində bir gün: AzərTAc-ın reportajı VİDEO
Kopenhagen, 1 aprel (AZƏRTAC). Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) Danimarkaya ezam olunmuş əməkdaşları Aygün Həsənova və Elşən Şahbalayev Kopenhagendə azərbaycanlı uşaqlar üçün “Ana dili” məktəbində olmuşlar.
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil etdiyi “Ana dili” məktəbinin əsas məqsədi bu ölkədə yaşayan azərbaycanlı uşaqlara və gənclərə Azərbaycan dilini, tarixini, coğrafiyasını, mədəniyyətini və s. tədris etməkdir.
“Ana dili” məktəbinin müəllimi Fərqanə İsmayılova Danimarkada belə bir məktəbin fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd etmişdir. Bildirmişdir ki, “Ana dili” məktəbində oxuyan azərbaycanlı uşaqların xalqımızın ədəbiyyatı, tarixi, mədəniyyətini öyrənmələri üçün belə bir məktəbə böyük ehtiyac var idi. Bu gün Danimarkada doğulub böyüyən azərbaycanlı uşaqların doğma ana dillərində danışmaları üçün “Ana dili” məktəbinin fəaliyyətinin vacibliyini diqqətə çatdıran F.İsmayılova demişdir ki, bu məktəbin şagirdləri, həmçinin danimarkalı dostlarının Azərbaycan haqqında suallarını ətraflı cavablandıra biləcəklər. F.İsmayılova azərbaycanlı valideynlərin uşaqlarını bu məktəbə böyük həvəslə gətirdiklərini söyləmişdir. Bildirilmişdir ki, məktəbdə Azərbaycan təhsil sistemində tədris olunan dərs vəsaitlərindən istifadə edilir. Məktəbdə dərslər hər həftənin şənbə günü saat 10.00-da başlayır.
“Ana dili” məktəbində təhsil alan uşaqlar həm də Azərbaycan nağıllarından və milli rəqslərimizdən ibarət kompozisiyalar hazırlamışlar. Azərbaycanlı uşaqların ifasında bu rəqs və nağıllar Kopenhagendə təşkil edilən müxtəlif tədbirlərdə müntəzəm olaraq təqdim edilir.
Danimarkada yaşayan soydaşımız, neyrocərrah Aybəniz Murtuzova bu ölkədə doğulub böyüyən azərbaycanlı uşaqların doğma dilimizi, xalqımızın tarixini, mədəniyyətini, milli musiqi və rəqslərimizi yaxşı bilmələri üçün “Ana dili” məktəbinin böyük rolu olduğunu söyləmişdir.
Bir dərs gününü AZƏRTAC-ın əməkdaşları ilə birlikdə keçirən danimarkalı azərbaycanlı uşaqlara agentliyin hədiyyələri təqdim edilmişdir.