ELM VƏ TƏHSİL
Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyəti Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Koreya təhsil standartları əsasında yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin üzvləri Azərbaycanda Koreya təhsil modeli əsasında yaradılan, ən müasir maddi-texniki baza ilə təchiz olunan Peşə Təhsil Mərkəzinin infrastrukturu ilə yaxından tanış olub, mərkəzə məxsus emalatxanalarda və tədris-mühazirə otaqlarında gedən dərs prosesində iştirak ediblər.
Mərkəzin direktoru Rəşad Xanlarov koreyalı qonaqlara təhsil müəssisəsi haqqında ətraflı məlumat verib və burada aparılan islahatlardan, mərkəzin strateji inkişaf hədəflərindən danışıb. O qeyd edib ki, mərkəzdə tədris edilən nəzəri və praktik dərslər ölkə iqtisadiyyatının əsas inkişaf prioritetinə uyğun olaraq səkkiz istiqamətdə müəyyənləşdirilib. Mərkəz istedadları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub. Müvafiq məqsədlərə nail olmaq üçün mərkəz sənaye qurumları ilə məqsədyönlü əməkdaşlıq edir.
Xatırladaq ki, Təhsil Nazirliyi və Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında 2016-cı ildə yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına cavab verən rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir. Mərkəzdə tədris prosesi tam yeni formatda Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunur.