İQTİSADİYYAT
Koreya Respublikasından olan alimlər Azərbaycanda aparılan iqtisadi islahatlar barədə məlumatlandırılıb
Bakı, 4 fevral, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Koreya Respublikasının Seul Milli Universiteti, Hankuk Universiteti və bir sıra beyin mərkəzlərinin nümayəndə heyətinin üzvlərini Azərbaycanda aparılan iqtisadi islahatlar barədə məlumatlandırıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı İİTKM-in icraçı direktoru Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan iqtisadi islahatlar, infrastruktur quruculuğu, sosial siyasət və həyata keçirilən regional əhəmiyyətli layihələr barədə məlumat verib.
V.Qasımlı Azərbaycan və Koreya Respublikası iqtisadi inkişaf modellərini müqayisə edərək təcrübə mübadiləsi, birgə tədqiqatların əhəmiyyətini, qarşılıqlı sərmayə qoyuluşu və ticarət əlaqələrinin vacibliyini vurğulayıb. Dördüncü Sənaye İnqilabı şəraitində iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, Azərbaycanın “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrə yaratdığı infrastruktur və biznes mühiti Avrasiyada iqtisadi inkişafa öz töhfəsini verir.
Qonaqlar mərkəzin monitorinq və qiymətləndirmə sahəsində təcrübəsi, “Azexport.az”, “Enterpriseazerbaijan.com” və Rəqəmsal Ticarət Qovşağı barədə məlumatlandırılıb. Nümayəndə heyəti “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə də tanış olublar.