SİYASƏT
Koreya Respublikasının “TBS” radiosunda Ermənistanın təxribatından danışılıb
Pekin, 16 oktyabr, AZƏRTAC
Koreya Respublikasının “TBS” radio kanalının “Sabahınız xeyir” adlı canlı verilişində Ermənistanın Azərbaycana hərbi təcavüzündən və son təxribatlarından danışılıb.
AZƏRTAC xəbər verir ki, səhər saat 8-də yayıma başlayan verilişin qonağı Azərbaycanın Seuldakı səfiri Rəmzi Teymurov olub. Səfir Dağlıq Qarabağ münaqişəsinin tarixi, “böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin Azərbaycanla yanaşı, qonşu Türkiyə və Gürcüstana ərazi iddiaları barədə məlumat verib. Qeyd olunub ki, ermənilərin onlara aid olduğunu iddia etdikləri tarixi kilsələr əslində Qafqaz Albaniyasına məxsusdur və həmin dövlətin erməni xalqı ilə heç bir əlaqəsi yoxdur.
Ermənilərin Qarabağda məskunlaşma tarixindən danışan səfir R.Teymurov qeyd edib ki, XIX əsrin əvvəlində Azərbaycanın Qarabağ xanı ilə rus generalı arasında imzalanmış Kürəkçay sülh müqaviləsində erməni əhalisi haqqında heç bir fakt yoxdur. Erməni əhali Qarabağa rus-İran müharibələrindən sonra Rusiya imperiyası tərəfindən regionun dini tərkibini dəyişdirmək məqsədilə köçürülüb.
Səfir XX əsrin sonunda ermənilərin öz ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirmək niyyəti ilə təcavüzə başladıqlarını, nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, ətraf 7 rayonun işğal etdiklərini, beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq etnik təmizləmə həyata keçirdiklərini, nəticədə bir milyon azərbaycanlının doğma yurdundan didərgin düşdüyünü deyib. Qeyd olunub ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası erməni silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan həmin qətnamələrin tələblərini yerinə yetirməkdən boyun qaçırır.
Diplomat Ermənistanda “məxməri” inqilab nəticəsində Nikol Paşinyanın hakimiyyətə gəlməsi və “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatlar verməsi ilə münaqişənin həlli üçün aparılan danışıqlar prosesinin iflasının başladığını bildirib. Bundan başqa, Nikol Paşinyanın öz oğlunu Ermənistanın işğalı altındakı Qarabağda həqiqi hərbi xidmət keçməyə göndərməsi, habelə ATƏT-in Minsk qrupu formatında münaqişənin tərəfləri kimi Ermənistan və Azərbaycan arasında aparılan danışıqları pozmaq, qondarma “Dağlıq Qarabağ respublikası”nın danışıqlarda tərəf kimi iştirakını tələb etməsi sülh prosesinə ciddi zərbə vurub.
Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri təmas xəttində, habelə iki ölkənin dövlət sərhədində dəfələrlə atəşkəsi pozub. Sonuncu belə təxribat isə sentyabrın 27-dən başlayıb və nəticədə cəbhəboyu ərazilərlə yanaşı, münaqişə bölgəsində xeyli aralıda yerləşən Gəncə, Mingəçevir kimi iri şəhərlərdə yaşayan mülki sakinlər arasında ölən və yaralananlar olub, infrastruktura ciddi ziyan dəyib. Azərbaycan Ordusu mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün əks-həmlə əməliyyatına başlayıb.
Səfir aparıcının xarici qüvvələrin Azərbaycan tərəfdən döyüşlərə cəlb olunması ilə bağlı sualı cavablandırarkən deyib ki, əhalisi 10 milyon nəfər olan Azərbaycanın hazırlıqlı, müasir Ordusu var və Silahlı Qüvvələrimiz ölkənin ərazi bütövlüyünü, suverenliyini təmin etmək gücündədir. Azərbaycanın müdafiə xərcləri 2,5 milyon əhalisi olan Ermənistanın demək olar ki, bütün dövlət büdcəsi qədərdir. Azərbaycan tərəfdən muzdluların döyüşməsi barədə iddialar əsassızdır və heç bir sübutu yoxdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin